İQTİSADİYYAT
Azərbaycanın Xorvatiyadakı səfirliyi “ViroExpo 2015” yarmarkasında iştirak edib
Zaqreb, 4 mart, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi Xorvatiyanın Virovititsa şəhərində keçirilmiş “ViroExpo 2015” 20-ci şirkət, sənət və kənd təsərrüfatı yarmarkasında iştirak edib.
Azərbaycan üçün ayrılmış stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən suvenir və əşyalar, Azərbaycan xalçaları haqqında nəşrlər, “Azərbaycan İxrac Kataloqu”, ölkəmiz ilə bağlı xorvat dilinə tərcümə olunmuş broşürlar, Bakıda keçiriləcək birinci Avropa Oyunları barədə məlumat və materiallar nümayiş etdirilib və qonaqlara paylanıb.
Xorvatiyanın yeni Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçin açılışını etdiyi yarmarkada 26 ölkədən 731 şirkət təmsil olunub, 26700 nəfər sərgini ziyarət edib. Tədbirdə ölkəmizlə yanaşı, bir sıra xarici ölkələr, o cümlədən Türkiyə, Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Monteneqro, Çexiya, Fransa, Hindistan, İtaliya, Çin, Makedoniya, Niderland, Almaniya, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Serbiya, İsveç və Ukrayna təmsil olunublar.
“ViroExpo” yarmarkası Xorvatiyanın İqtisadiyyat, Turizm, eləcə də Regional İnkişaf və Avropa İttifaqı fondları nazirliklərinin dəstəyi ilə keçirilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb