ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Gürcüstanda keçirilən beynəlxalq elmi konfransda məruzə edib
Bakı, 26 may, AZƏRTAC
Gürcüstanın 26 May - Respublika Günü münasibətilə Suxumi Dövlət Universitetində Azərbaycan, Ukrayna, Özbəkistan və başqa ölkələrdən alimlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı “Azərbaycan Respublikası-Gürcüstan münasibətləri (1991-2021)” mövzusunda məruzə edib.
Qafqazşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, qarşılıqlı münasibətləri şərtləndirən amilləri və keçilən yolu təhlil edən alim 1919-cu ildə Ermənistan-Gürcüstan müharibəsi zamanı Azərbaycan və gürcü xalqlarının çiyin-çiyinə Gürcüstanın ərazi bütövlüyü uğrunda vuruşduqlarını qeyd edib. Professor diqqətə çatdırıb ki, Abxaziya və Tsxinvalidə separatçılığa qarşı mübarizədə də azərbaycanlılar və gürcülər bir yerdə olublar. M.Qasımlı Azərbaycanla Gürcüstan arasında münasibətlərin yeni təməllər üzərində qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərini vurğulayıb.
Məruzəni yüksək qiymətləndirən Gürcüstan alimləri iki ölkə arasında münasibətlərin dostluğa və mehriban qonşuluğa əsaslandığını və böyük perspektivlərinin olduğunu bildiriblər.