ELM VƏ TƏHSİL
Azərbaycanlı doktorant elmi işini Monpelye Universitetində müdafiə edib
Bakı, 12 dekabr, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Fidan Hüseynovanın “Diş toxumasının bərpası üçün diş pulpunun kök hüceyrələrinin angiogenik aktivləşməsi” mövzusunda dissertasiya işinin müdafiəsi Fransanın Monpelye Universitetində keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, işin elmi rəhbərləri Fransa tərəfindən Veronique Barragan-Montero, Azərbaycan tərəfindən isə dosent Ələmdar Məmmədov olub. Doktorant Fidan Hüseynova sümüklərin regenerasiyası zamanı angiogenezin/osteogenezin yaxşılaşdırılmasının öyrənilməsinə həsr olunmuş dissertasiya işini ətraflı təqdim edib. Beş saata yaxın davam edən müzakirələrdə Fidan Hüseynova Elmi şuranın üzvlərinin çoxsaylı suallarını cavablandırıb. Opponentlərin də müsbət rəyi dinlənildikdən sonra azərbaycanlı doktorant biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Qeyd edək ki, Fidan Hüseynova Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında çərçivə sazişinə uyğun olaraq birgə doktorantura proqramını başa vurub.