CƏMİYYƏT
Azərbaycanlı gənclərdən ibarət nümayəndə heyəti Mərakeşdə səfərdədir
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycanlı gənclərdən ibarət nümayəndə heyətinin Mərakeş Krallığına səfəri başlayıb.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından AZƏRTAC-a bildiriblər ki, səfər Azərbaycan Respublikası və Mərakeş Krallığının Gənclər və İdman nazirliklərinin birgə imzaladığı əməkdaşlıq protokoluna əsasən həyata keçirilir.
Səkkiz gəncdən ibarət nümayəndə heyətində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının mətbuat katibi İlkin Mustafayev də yer alıb. Səfər Azərbaycan və Mərakeş Krallığı arasında olan beynəlxalq gənclər mübadiləsi (Youth Exchange) proqramı çərçivəsində reallaşır.
Avqustun 18-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin Kasablanka, Fes, Rabat və Mərakeş şəhərlərində gənclərlə görüşü keçiriləcək.