ELM VƏ TƏHSİL
Azərbaycanlı şagird və tələbə Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının Vyanada keçirilmiş Gənclər Forumunda iştirak etmişlər
Bakı, 28 mart (AZƏRTAC). Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 189 nömrəli məktəbin şagirdi Afət Məmmədova və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Salman Babazadə Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının Avstriyanın paytaxtı Vyanada keçirilmiş Gənclər Forumunda iştirak etmişlər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, dünyanın 30-dan çox ölkəsindən 60 nəfərin qatıldığı forumun əsas məqsədi gənclərin cəmiyyətdə narkomaniya ilə mübarizə tədbirlərinə cəlb edilməsindən və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.
Azərbaycan gəncləri forum çərçivəsində keçirilən qrup müzakirələrində öz təkliflərini səsləndirmişlər. Narkomaniya ilə mübarizədə təbliğat vasitələrindən səmərəli istifadə və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində narkomaniyanın yayılması ilə bağlı tədqiqat işlərinin aparılması barədə təkliflər müsbət qarşılanmışdır.
Tədbirdə İsveç kraliçası Ülyahəzrət Silvia, Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının icraçı direktoru Yuri Fedotov iştirak etmişlər.