MƏDƏNİYYƏT
Azərbaycanlılar Almaniyada keçirilən 18-ci “Eurocamp” düşərgəsində fəal iştirak ediblər
“Dünya uşaqları ilə Avropa macərası” devizi ilə keçirilən bu tədbirə Avropanın müxtəlif ölkələrini və xalqlarını təmsil edən 12-16 yaşında uşaq və yeniyetmələr dəvət almışdılar.
Məqsəd Avropanın bütün bölgələrinə maraqlı və rəngarəng proqramla xəyalən ekspedisiya etmək, mədəniyyətlərarası dialoqun təşviqi, uşaqlar arasında Avropanın gələcəyi haqqında diskussiya və müzakirələr açmaq, ölkələrin öz musiqi və incəsənətinin təbliği, çağdaş dünyamızın qlobal problemləri ilə bağlı Avropanın məsuliyyəti ilə bağlı fikir mübadiləsi aparmaq olub.
Zaxsen-Anhalt federal əyalətinin baş naziri, doktor Rayner Haseloffun himayəsi altında siyasi, iqtisadi və ictimai sahələri təmsil edən qonaqların iştirakı ilə 18-ci Avropa-Kamp düşərgəsi təntənəli şəkildə açıq elan edilib.
Almaniyanın Nordrayn-Vestfaliya federal əyalətində fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyevanın rəhbərliyi ilə azərbaycanlı qız və oğlanlar da bu tədbirdə fəal iştirak ediblər. Olimpiada oyunlarında və musiqi festivalında Azərbaycan 17-dən çox ölkəni geridə qoyaraq 3-cü yeri tutub.
Azərbaycanlılardan ibarət nümayəndə heyəti Zaxsen-Anhalt federal əyalətinin baş naziri, doktor Rayner Haseloffun dövlət dəftərxanasında, əyalətin əmək və sosial məsələlər naziri Norbert Bişoffun və əyalət parlamentinin sədri Detlef Qürthin qəbulunda olub. Almaniyanın rəsmi nümayəndələrinə ölkəmiz haqqında geniş məlumat verilib, suvenir və eksponatlar hədiyyə edilib.
Zaxsen-Anhalt federal torpağının paytaxtı Maqdeburq və dünya irsi sayılan Quedlinburq şəhərlərinin görməli yerlərinə, eləcə də dövlət və qeyri-dövlət təşkilatlarına ekskursiya təşkil edilib.
Avropa-Kamp düşərgəsində uşaqlar arasında olimpiada, mədəniyyət mövzularında gecələr, tonqal ətrafında oyunlar və “Açıq qapılar” beynəlxalq günü keçirilib. Beynəlxalq gün çərçivəsində informativ proqrama qatılmaq və xarici qonaqların rəngarəng tamaşasında iştirak etmək üçün rayondan çoxlu sayda qonaqlar gəlmişdi.
Uşaqlar və gənclər “Tanımaq” devizi ilə müxtəlif mövzulu seminar və yarışlarda, məsələn, “Harz-xəzinə axtarışı”, “İdman klubu” (Olimpiada oyunları üçün qeydə alınmaq), “Avropanı necə görmək istərdiniz?” tədbirlərdə iştirak ediblər.
Sonrakı günlərdə “Dünya uşaqları şurası” qurumunu təmsil edən uşaqlar kuratorları ilə birlikdə Zaxsen-Anhalt federal torpağının rəsmi dövlət idarələrində olub, Berlin şəhərinə səfər edib, Bundestag və Rayxstag ilə yaxından tanış olublar.
İdman aləmini və ictimaiyyəti təmsil edən şəxslərlə “Hərəkət, istirahət, sağlam qidalanma” mövzusunda “dəyirmi masa” ətrafında maraqlı diskussiya keçirilib, uşaqlar onları maraqlandıran suallarla referentlərə və məruzəçilərə müraciət ediblər.
Bundan əlavə, “Dünya uşaqları” devizi ilə forum keçirilib, bu forumda “Dünya uşaqları şurası”nın kiçik yaşlı səfirləri siyasət və ictimaiyyət nümayəndələri bir araya gəliblər, həmçinin “Kiçik dünya sərgisi” yarmarkası təşkil edilib.
“Açıq qapılar” günündə dünya mətbəxinə səyahət edilib, nümayəndə heyətlərinin rəhbərləri ilə şirniyyat masası ətrafında fikir mübadiləsi aparılıb.
Uşaqlar və yeniyetmələr arasında “Dini və mədəni müxtəlifliklər – tolerantlıq və dinc yaşama” mövzusu ətrafında da geniş müzakirələr aparılıb, müxtəlif çeşidli məlumatlar əldə edilib.
Tədbirin təntənəli bağlanış mərasimində Harzqerode rayonunun dövlət rəsmiləri, sponsorlar, Avropa-Kampda iştirak edən nümayəndə heyətlərinin məsul şəxsləri, ölkələrin səfirliklərinin nümayəndələri və çoxsaylı tamaşaçılar iştirak ediblər.
Mərasimdə Azərbaycan özünəməxsus bədii proqramla təmsil olunub. Qızların milli geyimdə rəqsləri, “Ayrılıq” mahnısının ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Azərbaycanlılardan ibarət nümayəndə heyətinin rəhbəri Təranə Tağıyeva tərəfindən rayonun bələdiyyə rəisinə, təşkilatçılara milli suvenirlər və xatirə eksponatları hədiyyə edilib.
Hannover şəhəri Botfeld-Vahrenhayde rayonunun deputatı Etibar Qəniyev Azərbaycan haqqında qısaca məlumat verib, tədbirə dəvət olunduqlarına görə nümayəndə heyəti adından təşkilatçılara öz təşəkkürünü bildirib, rayonun bələdiyyə rəisinə xatirə hədiyyəsini təqdim edir.
Tədbir çoxsaylı KİV nümayəndələri tərəfindən işıqlandırılıb, sonda xatirə şəkilləri çəkdirilib.
Axşam Avropa-Kampda iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinin və məsul şəxslərinin şərəfinə ziyafət verilib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin