İQTİSADİYYAT
“Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatları 300 milyard kubmetr civarındadır
Bakı, 13 iyun (AZƏRTAC). “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərinlikdə yerləşən qaz ehtiyatlarının işlənilməsi məsələsi baxılma mərhələsindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev demişdir.
İlkin qiymətləndirmələrə əsasən, burada qaz ehtiyatları 300 milyard kubmetr civarındadır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı nikbin proqnozlara əsas verir. 2015-ci ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatdırılacağı nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolu qarşıdakı illərdə daha da artacaqdır. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizədək hissəsinin idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda bu, xüsusən böyük əhəmiyyət kəsb edir.