İQTİSADİYYAT
“Azərikimya”da ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilmişdir
Sumqayıt, 26 aprel (AZƏRTAC). “Azərikimya” İstehsalat Birliyinin akt zalında Sumqayıt Şəhər Mərkəzləşmiş Kitabxanalar Sistemi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilmişdir.
Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Mərkəzləşmiş Kitabxanalar Sisteminin direktoru, Əməkdar Mədəniyyət İşçisi Yeganə Əhmədova dahi rəhbərin 90 illiyinə həsr edilmiş sərgiyə çıxarılmış 500-dən artıq kitab haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, sərgiyə daxil edilən kitablar əsas etibarilə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlıdır. Sərgiyə dünya şöhrətli dövlət xadimi haqqında Azərbaycan, rus və ingilis dillərində yazılmış bədii, elmi, siyasi və publisistik əsərlərin daxil edildiyi kitablar da təqdim edilmişdir.
Dahi siyasi xadim Heydər Əliyevin həyatının bütün mərhələlərini – 1923-1959-cu illəri əhatə edən uşaqlıq, gənclik, tələbəlik və milli təhlükəsizlik orqanlarındakı fəaliyyəti dövrünü, 1969-1982-ci illərdə Azərbaycana ilk rəhbərlik dövrünü, 1982-1990-cı illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı, 1990-1993-cü illərdə Naxçıvandakı fəaliyyəti və Azərbaycan rəhbərliyinə yenidən qayıdışı və 1993-2003-cü illərdəki gərgin, səmərəli fəaliyyəti dövrünü əhatə edən kitablar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışmışlar. Vurğulanmışdır ki, klassiklərimizin əsərlərinin, müasir Azərbaycan ədəbiyyatından nümunələrin və dünya ədəbiyyatından seçmələrin latın qrafikalı əlifba ilə kütləvi nəşr olunaraq kitabxanalara paylanması və oxucuların ixtiyarına verilməsi ilə bağlı Prezidentimizin imzaladığı Sərəncam bunun bariz nümunəsidir.
“Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında Azərbaycanın bir dövlət kimi dünyada tanınmasında və nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük ideyalar, bəşəri fikirlər və mənəvi dəyərlər daşıyıcısı olan kitabların insanların, xüsusən də gənclərin həyatında böyük əhəmiyyət kəsb etməsindən danışmış, kimyaçılar üçün belə bir kitab sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edən kitabxana işçilərinə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda xalqımızın unudulmaz rəhbəri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli videoçarx nümayiş etdirilmiş, onun unudulmaz xatirəsinə həsr olunmuş məşhur “Dahi” mahnısı səsləndirilmişdir.