İQTİSADİYYAT
“Azərpoçt” MMC “MasterCard İnt”ə üzv olmuşdur
Bakı, 14 dekabr (AZƏRTAC). “Milli Kart” MMC-də xidmət olunan “Azərpoçt” MMC “MasterCard İnt” beynəlxalq kart təşkilatının prinsipial üzvlüyünə qəbul edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, hazırda “Azərpoçt” MMC “MasterCard İnt” beynəlxalq kart təşkilatında kartların emissiyası, həmçinin “ATM ekvayrinq”i üzrə sertifikasiya layihələrinə başlamışdır.
“Expressbank” ASC “MasterCard İnt” beynəlxalq kart təşkilatında “MChip (çip) kartların emissiyası”, həmçinin “MChip ATM ekvayrinq”i üzrə sertifikasiya layihələrini həyata keçirir.
“MilliKart” MMC-də xidmət olunan “Dəmirbank” ASC “VİSA İnc” beynəlxalq kart təşkilatında “ViSA Platinum” və “VİSA Business” kartları üzrə “VSDC” (çip) kartların emissiya olunmasına dair sertifikasiya layihəsini başlamışdır.
Hazırda “Milli Kart” MMC-də 200-dən artıq bankomatın, 2 min Pos-terminalın və 170 mindən çox kartın buraxıldığı 12 banka xidmət göstərilir.