İQTİSADİYYAT
“Azərsu” qeyri-iş günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Bakı, 18 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bayram günlərində mərkəzi idarə aparatında, regional, yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq. Bu məqsədlə “Azərsu” ASC-nin sədr müavinləri, departament və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq edilib.
Abonentlərin diqqətinə çatdırılır ki, bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək, qəza xidmətləri fasiləsiz fəaliyyət göstərəcək. Bayram günlərində hidrotexniki qurğularda, anbarlarda və magistral xətlərdə hər hansı planlı təmir-bərpa, qoşulma və profilaktik işlər aparılmayacaq.
İstehlakçılardan xahiş olunur ki, içməli su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng Mərkəzinə müraciət etsinlər.