MƏDƏNİYYƏT
AzərTAc-ın jurnalistləri digər MDB ölkələrindən olan həmkarları ilə birlikdə Ukrayna kazaklarının vətənində olmuşlar
Zaporojye, 24 may (AZƏRTAC). Azərbaycan da daxil olmaqla MDB iştirakçısı olan altı dövlətin jurnalistləri üçün mayın 21-də Krım Muxtar Respublikasında (KMR, Ukrayna) start götürmüş press-tur davam edir. Azərbaycanı bu tədbirdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC) müxbirləri təmsil edir.
İnfo-turun təşkilatçıları Ukrayna Dövlət Turizm və Kurortlar Agentliyi, KMR Kurortlar və Turizm Nazirliyi, habelə “Krım Kurort-turizm agentliyi” müəssisəsidir.
Mayın 23-də KİV nümayəndələri əvvəlcə Krıma və Xersona, sonra isə Ukrayna kazaklarının vətəni sayılan Zaporojyeyə getmişlər.
Simferopol-Moskva trasında şəhərin girəcəyində jurnalistlər “Xerson vilayətinin şərabçılıq-turist marşrutları” layihəsi çərçivəsində “Tavriya” konyak zavodu ilə tanış olmuşlar.
Sonra mass-media nümayəndələri Ukrayna kazak hərəkatının yarandığı Xortitsa adasında “Zaporojye kazakları” süvari teatrına dəvət edilmişlər. Press-turun iştirakçıları bu maraqlı tamaşadan sonra Zaporojyeyə tanışlıq səfəri etmiş, şəhərin görməli yerləri, o cümlədən “Xortitsa” milli qoruğunun Zaporojye kazaklarının tarixi muzeyi, “Zaporojskaya Seç” tarix-mədəniyyət kompleksi, V.Q.Maqara adına Vilayət Ukrayna Akademik Musiqili Dram Teatrı, M.İ.Qlinka adına konsert zalı (vilayət filarmoniyası) ilə tanış olmuş, sovet dövrünün rəmzlərindən sayılan Dneprohes-in panoramına tamaşa etmiş, “Faeton” avtomobil və hərbi texnika muzeyində, digər obyektlərdə olmuşlar.
Vilayətin və şəhərin rəhbərləri press-turun iştirakçılarını qəbul etmişlər.
AZƏRTAC-ın müxbirləri Zaporojedəki “Şəki-lənd” uşaq əyləncə-sağlamlıq kompleksinə baş çəkmiş, bu obyektin sahibi, əslən Şəkidən olan siyasətçi, həkim və sahibkar Dünyamil Saatov ilə görüşmüşlər.
Çingiz Bayramov
Anar Xəlilov
AZƏRTAC-ın müxbirləri
Krım, Ukrayna