ELM VƏ TƏHSİL
Bakı Ali Neft Məktəbi “Aramco Overseas” şirkəti ilə əməkdaşlığa başlayıb
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Aramco Overseas”in nümayəndə heyəti ilə görüşüb.
BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, uğurları, tədris prosesi barədə ətraflı məlumat verib. Bildirilib ki, Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı ingilisdilli mühəndis kadrları hazırlanır. Bununla yanaşı, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil həyata keçirilir.
Rektor BANM-in tələbələrinin nüfuzlu yerli və transmilli şirkətlərdə istehsalat təcrübəsi keçdiyini vurğulayaraq, ali məktəbin “Aramco Overseas” ilə bu istiqamətdə birgə əməkdaşlığa maraqlı olduğunu diqqətə çatdırıb.
“Hazırda Səudiyyə Ərəbistanının ən böyük milli neft şirkətinin Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Biz qısa zamanda əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlıyıq. Çox istərdik ki, Bakı Ali Neft Məktəbinin tələbələri təmsil etdiyiniz şirkətdə təcrübə keçsin, eyni zamanda, Səudiyyə Ərəbistanının tələbələri BANM-də təhsil alsınlar. “Aramco Overseas” tərəfindən təsis edilən təqaüd proqramlarında azərbaycanlı tələbələrin də iştirakı arzuolunandır”, - deyə rektor bildirib.
“Aramco Overseas” şirkətinin Azərbaycan nümayəndəliyinin Baş direktoru Ahmad Al Shiha qeyd edib ki, Azərbaycanın Səudiyyə Ərəbistanı ilə intensiv sosial-iqtisadi, mədəni əlaqələri mövcuddur.
“Bu gün bizim şirkətin əsas ofisində neft-qaz, mühasibatlıq, hüquq departamentlərində ləyaqətli, peşəkar azərbaycanlılar işləyir. Bilirəm ki, Azərbaycanda insanlar hədəfə köklənir. “Aramco Overseas” şirkəti hər zaman yeni kadrlar axtarışındadır. Elə bu səbəbdən də yeni peşəkar kadrların işə cəlb olunması istiqamətində BANM-in məzunlarından faydalana bilərik. Zəruri təlimlərdən sonra onların işə qəbul olunması mümkündür. Biz şirkət olaraq Səudiyyə Ərəbistanı tələbələrinin tam təqaüdlə Bakı Ali Neft Məktəbində təhsil almasını təmin edə bilərik. Hər il bizim şirkətin təqaüd proqramları çərçivəsində 500-dək tələbə Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Koreya, Yaponiya, Çin, Sinqapur və Almaniya kimi ölkələrdə təhsil alır”, -deyə Ahmad Al Shiha bildirib.
Baş direktor Bakı Ali Neft Məktəbinin mütəxəssislərinin “Aramco Overseas” şirkətinin əməkdaşları üçün təlimlər keçməsini təklif edib.
Sonda birgə əməkdaşlığın genişləndirilməsi üçün memorandumun imzalanması qərara alınıb.
Qeyd edək ki, Baş Qərargahı Səudiyyə Ərəbistanın Dahran şəhərində yerləşən “Aramco Overseas” neftin hasilatı və neft ehtiyatlarının həcmi baxımından dünyanın ən böyük neft şirkətlərindən biridir. Şirkət 1933-cü ildə Səudiyyə Ərəbistanı hökuməti və ABŞ-ın “Standard Oil of California” şirkəti tərəfindən təsis olunub.
“Aramco” 260 milyard barrel neft ehtiyatları yataqlarını idarə edir ki, bu, dünyada kəşf olunmuş neft yataqlarının dörddəbir hissəsini təşkil edir. Şirkət ölkə ərazisində müasir neft və qaz emalı zavodlarına sahibdir. 2018-ci ilin aprel ayından şirkətin Bakıda Azərbaycan nümayəndəliyi fəaliyyət göstərir.