İQTİSADİYYAT
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ərazisində beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur
Bakı, 3 oktyabr (AZƏRTAC). Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi üçün Bakı şəhərinin Qaradağ rayonunun Ələt qəsəbəsində ayrılmış 400 hektar ərazinin 100 hektar sahəsində (I mərhələdə 50 hektar olmaqla) beynəlxalq nəqliyyat logistikası mərkəzinin tikintisi nəzərdə tutulmuşdur.
Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin müdiri Sədrəddin Məmmədov AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, TRASEKA çərçivəsində “Beynəlxalq nəqliyyat logistika mərkəzlərinin yaradılması” layihəsini həyata keçirən Avropa Komissarlığının nəqliyyat üzrə ekspertləri tərəfindən liman kompleksi ərazisinin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşməsi beynəlxalq nəqliyyat logistika mərkəzi üçün əlverişli hesab edilərək, Avropa İttifaqının qrantı hesabına mərkəzin Baş planı işlənib hazırlanaraq baxılması üçün Nəqliyyat Nazirliyinə təqdim olunmuşdur.
Baş plana əsasən, ilkin mərhələnin (50 hektar) 3 fazada yaradılması nəzərdə tutulur. I faza 2014-2016, II faza 2017-2019, III faza isə 2020-2024-cü illəri əhatə edir. Şirkətlərin mərkəzdə yerləşdirilməsinə və mərkəzin fəaliyyət göstərməsinə artıq 2015-ci ildən başlanıla bilər.
Bu mərkəzin inşası özəl, dövlət-özəl və ya “tik-istismar et-təhvil ver” (BOT) üsulu ilə maliyyələşdirilməsi tövsiyə edilmişdir.
S.Məmmədovun sözlərinə görə, ilkin mərhələdə 50 hektar ərazidə yerləşəcək Logistika Mərkəzində 80 min kvadratmetrlik xüsusi anbar və sahələr yaradılaraq, burada 100 min konteynerin saxlanılması, yük sahiblərinə və mallara xidmət göstərilməsi, kiçik və orta biznesin müasir durumda inkişafına münbit şəraiti təmin ediləcəkdir. Bu Mərkəzin ölkə və region iqtisadiyyatında xüsusi mövqeyə malik olması və nəqliyyat qovşağında önəmli yer tutması Azərbaycanın geostrateji əhəmiyyətini bir daha təsdiqləyir.
Yaxın günlərdə yeni liman kompleksinin quru hissəsində tikinti və liman avadanlığının təchizatı işlərini aparacaq podratçının müəyyən edilməsi məqsədi ilə tenderin elan edilməsi nəzərdə tutulmuşdur.