ELM VƏ TƏHSİL
Bakı Dövlət Universitetində məzunlarla görüş olmuşdur
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Bakı Dövlət Universitetində (BDU) bu il təhsil müəssisəsini bitirən gənclərlə təntənəli görüş keçirilmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, tanınmış alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulamışdır.
Rektor dahi rəhbər, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu sonsuz qürur hissi ilə xatırlatmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev siyasətinin uğurlu nəticələrindən danışan akademik A.Məhərrəmov respublikamızın dinamik inkişaf etdiyini, dünya ölkələri arasında özünə layiqli yer tutduğunu bildirmişdir.
Bakı Dövlət Universitetində qazanılan nailiyyətlərdən, təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən bəhs edən rektor qeyd etmişdir ki, BDU dünyanın 20 min qabaqcıl universiteti arasında birinci 700-lükdə qərarlaşmışdır.
Bildirilmişdir ki, bu il Bakı Dövlət Universitetini 4 minədək tələbə bitirir. Onlardan təxminən 500 nəfəri fərqlənmə diplomuna layiq görülmüşdür.
BDU-nun məzunu olmağın həm çox şərəfli, həm də çox məsuliyyətli olduğunu vurğulayan akademik A.Məhərrəmov gənclərə öz tövsiyələrini vermiş, onları vətənpərvərliyə çağırmışdır. Digər çıxış edənlər də məzunları təbrik etmişlər.
Təhsildə fərqlənmiş məzunlara diplomlar təqdim olunmuş, maraqlı konsert proqramı nümayiş etdirilmişdir.