İQTİSADİYYAT
Bakı-Gəncə-Bakı istiqamətində yeni “Ekspress” qatarı xəttə buraxılacaqdır
Bakı, 7 dekabr (AZƏRTAC). “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin gediş-gəlişini yaxşılaşdırmaq məqsədi ilə yeni “Ekspress” qatarını xəttə buraxacaqdır.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, dekabrın 9-dan etibarən Bakı-Gəncə-Bakı “Ekspress” qatarı saat 09.00-da Bakı sərnişin stansiyasından yola düşəcək, saat 16.20-də Gəncə stansiyasına çatacaqdır. Səhəri gün isə qatar 09.00-da Gəncə stansiyasından çıxaraq, saat 17.10-da Bakı sərnişin stansiyasına çatacaqdır.
Bakı-Gəncə-Bakı “Ekpress” qatarının Gəncə stansiyasından səhər saatlarında yola düşməsini və sərnişin sıxlığının az olmasını nəzərə alaraq, dekabrın 9-dan etibarən Bakıdan, dekabrın 10-dan isə Mingəçevirdən hərəkət edən Bakı-Mingəçevir-Bakı “Ekspress” qatarı ləğv olunacaqdır.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı istiqamətində xəttə buraxılacaq 5 vaqondan ibarət yeni “Ekspress” qatarının vaqonları VEST QAS müəssisəsi ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən Slovakiyada beynəlxalq standartlar səviyyəsində tam təmir olunaraq oktyabrda Azərbaycana gətirilmişdir.