Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı işə başlamışdır
Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

Bakı, 3 iyun (AZƏRTAC). İyunun 3-də Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı işə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Respublikamızın paytaxtında ənənəvi olaraq keçirilən neft-qaz sərgi və konfransı Xəzəryanı regionda ən böyük belə mötəbər tədbirdir. Burada neft, qaz hasilatı və emalı, həmçinin nəqletmə, logistika və servis sahəsində qabaqcıl texnologiyalar nümayiş etdirilir. Sərgi beynəlxalq standartlara cavab verən Bakı Sərgi Mərkəzində keçirilməyə başlayandan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisində 29 ölkədən 400-dən çox şirkət təmsil olunur. Bunların əksəriyyəti dünyanın ən nüfuzlu şirkətləridir və onların bir qismini “Əsrin Müqaviləsi”nin iştirakçıları təşkil edir.

Budəfəki sərgidə Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Çin və Rusiyadan 8 milli qrup təmsil olunur. Bu tədbirdə ölkəmizin şirkətləri ildən-ilə daha geniş təmsil olunur və cari sərgidə də iştirakçıların təqribən 30 faizdən çoxunu yerli iqtisadi qurumlar təşkil edir. Əvvəlki sərgi ilə müqayisədə ekspozisiyaların sahəsi 10 faiz çoxdur. Sərginin bir sıra iştirakçıları bu tədbirə ilk dəfə qatılmışdır. Təşkilatçılar sərginin beynəlxalq səviyyədə də dolğun işıqlandırılması üçün hərtərəfli iş aparmışlar. Sərgi və konfransın işgüzar proqramı genişdir və əməkdaşlığın daha da möhkəmləndirilməsinə hərtərəfli imkanlar açır.

Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu VUD sərgi və konfransı açaraq dedi:

- Zati-aliləri, cənab Prezident.

Xanımlar və cənablar.

Mənim adım Endryu Vuddur və mən burada “İTECA-nı təmsil edirəm. Hər birinizi salamlayıram. Çox mühüm bir gündür. Bu, 21-ci sərginin açılışıdır və “Əsrin Müqaviləsi”nin imzalanmasının 20-ci ildönümüdür. Bunu qeyd etmək üçün səbəbimiz çoxdur. Mən 1993-cü ildə burada olanda Bakının simasını görmüşdüm. Bu gün isə Bakı qürur duymaq üçün böyük bir şəhərdir. Bu şəhərlə təkcə Azərbaycan xalqı deyil, eyni zamanda, bu ölkənin firavanlığı naminə çalışanlar fəxr edirlər. Sizin hər birinizi salamlayıram, gəldiyinizə görə təşəkkür edirəm. Eyni zamanda, qarşılıqlı nailiyyətlərimizlə bağlı hər birinizi təbrik edirəm.

Mən Azərbaycan Respublikası Hökumətinin fəaliyyətini təqdir edirəm. Azərbaycan Hökuməti ölkənin sərvətlərinin bütün əhali üçün bərabər şəkildə paylanmasını və insanların firavanlığını təmin etmişdir. Hər birinizə davamlı tərəfdaşlığımızın uzunmüddətli olması üçün uğurlar arzulayıram. Eyni zamanda, Azərbaycan xalqına və Hökumətinə davamlı tərəqqi və firavanlıq diləyirəm.

İcazənizlə Zati-aliləri cənab Prezident İlham Əliyevi tribunaya dəvət edərək onun gələcək planlarını eşitmək istərdik. Təşəkkür edirəm.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin

nitqi

-Hörmətli xanımlar və cənablar.

Əziz qonaqlar.

Mən sizin hamınızı Azərbaycanda səmimiyyətlə salamlayıram. Bu gün Xəzər neft-qaz sərgisinin açılışı münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu sərgi ölkəmizin müasir həyatında çox önəmli rol oynayır. Əslində bu sərgi müstəqil Azərbaycana dünyanın diqqətini cəlb edən birinci ən önəmli addım olmuşdur. Bu sərgi 21-ci dəfədir ki, keçirilir. Sərgiyə isə maraq azalmır, artır. Bu gün sərgidə 400-dən artıq şirkət təmsil olunur. Onlardan bəziləri ilk dəfə iştirak edir, bəziləri isə bizim ənənəvi tərəfdaşlarımızdır.

Sərgidə iştirak edən şirkətlərin sayı ildən-ilə artmaqdadır və bu, çox gözəl hadisədir, çox önəmli əlamətdir. Çünki Azərbaycanın neft-qaz sektoru imkanlarını və fəaliyyətini ildən-ilə genişləndirir. Çünki bizim qarşımızda duran vəzifələr icra edilir, yeni vəzifələr ortaya çıxır və biz çalışacağıq ki, bütün vəzifələri eyni qətiyyətlə və səmərə ilə icra edək.

Əlbəttə, sərginin önəmini artıran amil ondan ibarətdir ki, ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarının Prezidenti və Böyük Britaniyanın Baş naziri sərgiyə öz təbriklərini göndərirlər. Bu, sərginin önəmini böyük dərəcədə artırır. Çünki dünyanın iki aparıcı ölkəsinin dövlət və hökumət başçıları sərgiyə öz diqqətini əsirgəmirlər. Hesab edirəm ki, bizim sərgimiz dünya miqyasında öz nadir rolunu saxlamaqdadır.

Onu da qeyd etməliyəm ki, biz son illər ərzində qazanılmış uğurları tərəfdaşlarımızla birgə əldə etmişik. Çünki 1994-cü ildə dünyada Azərbaycan haqqında təsəvvür o qədər də geniş deyildi. Azərbaycan gənc müstəqil dövlət idi və müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçmişdir. Vətəndaş müharibəsi, daxili qarşıdurmalar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, iqtisadi tənəzzül, bütün bunlar hamımızın yadındadır.

1993-cü il əslində müstəqil və gənc Azərbaycan dövlətinin inkişafında bir dönüş ili kimi yadda qalacaqdır. Çünki o ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yoluna qədəm qoymuşdur. Ulu öndər Heydər Əliyevin apardığı islahatlar bütün sahələri əhatə etmişdir. O cümlədən Azərbaycanın neft strategiyası məhz o illərdə müəyyən edilmişdir və bu günə qədər uğurla icra edilir.

1994-cü ildə sərginin birinci tədbiri, əlbəttə, dünyanın neft-qaz şirkətlərinin Azərbaycan iqtisadiyyatına diqqətini artırmışdır və şadam ki, bu diqqət bu günə qədər qüvvədədir. Son 20 il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı üçün və dünya enerji təhlükəsizliyinə verdiyi töhfələrə görə əlbəttə ki, diqqət mərkəzindədir. 1994-cü ildə ilk sərgi keçirilmişdir və ondan bir neçə ay sonra bizim bugünkü uğurlu inkişafımızı böyük dərəcədə müəyyən edən “Əsrin Kontraktı” imzalanmışdır. Bu, tarixi hadisə idi. Çünki bu gün təsəvvür etmək çətindir ki, əgər “Əsrin Kontraktı” imzalanmasaydı, - Azərbaycanın pulu yox idi, iqtisadiyyat dağılmış vəziyyətdə idi, sənaye inkişafından söhbət gedə bilməzdi, - bizim müstəqil dövlət kimi inkişaf yolumuz yalnız xarici sərmayələrin cəlb edilməsindən asılı olaraq qalacaqdı. Mən bu gün o vaxt bizə inanan, bizimlə işləmək arzularını ifadə edən bütün şirkətlərə, investorlara minnətdarlığımı bildirmək istəyirəm ki, onlar bizə inandılar, Azərbaycanın sabit, uğurlu gələcəyinə inandılar, bizim yanımızda oldular və bizimlə bərabər bugünkü reallıqları təmin etdilər. Mən bp şirkətinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. bp bizim ən böyük investorumuzdur, ən böyük tərəfdaşımızdır. İyirmi ildir bu tərəfdaşlıq uğurla davam edir və bu gün birlikdə həyata keçirdiyimiz layihələr deməyə əsas verir ki, bundan sonra ən azı 20 il, bəlkə ondan da çox bp-SOCAR əməkdaşlığı, tərəfdaşlığı Azərbaycanın və bölgənin neft-qaz sektorunun inkişafını müəyyən edəcəkdir.

Mən çox şadam ki, bizim bp kimi tərəfdaşımız var və biz birlikdə bütün layihələrdə çiyin-çiyinə iştirak edirik, bütün əsas iqtisadi və texniki riskləri də öz üzərimizə götürürük.

1994-cü ildə biz yeni siyasətə qədəm qoyduq və o ildən başlayaraq bu günə qədər Azərbaycan neft-qaz sektorunda böyük uğurlara imza atmışdır. Deyə bilərəm ki, kontrakt imzalanandan sonra dünya tarixində bəlkə də ən qısa müddət ərzində ilk neftin çıxarılmasına qədər cəmi üç il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu nəyə gətirib çıxaracaqdır. Ancaq bugünkü reallıq, Azərbaycanın bugünkü uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır. Ondan sonra ardıcıl olaraq Azərbaycan öz neft və sonra qaz potensialını dünya bazarına təqdim etməyə başlamışdır. Bakı-Novorossiysk neft kəməri təmir edildi, Bakı-Supsa neft kəməri tikildi ki, ilk dəfə olaraq Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşdi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilmişdir. Bu da tarixi hadisə idi, çünki bu gün əgər o kəmər olmasaydı, Azərbaycan öz neft və ondan sonra qaz potensialını dünya bazarlarına çatdıra bilməzdi. Beləliklə, dəhliz yaradıldı. Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi əməkdaşlıq formatı formalaşmışdır. Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan bu gün uğurla fəaliyyət göstərir və başqa ölkələrə də xidmət edir. Dəhliz formalaşandan sonra əlbəttə ki, Azərbaycan öz tranzit rolunu oynamağa başlamışdır. Bu gün biz qeyd edə bilərik ki, artıq Azərbaycan öz coğrafi vəziyyətindən və logistika imkanlarından tam şəkildə istifadə edir. Azərbaycan Xəzər sahilinin şərq hissəsində yerləşən istehsalçılara da öz xidmətlərini göstərir. Azərbaycan ərazisindən nəql edilən neft və neft məhsullarının həcmi ildən-ilə artmaqdadır. Azərbaycan etibarlı tranzit ölkəsidir. Hesab edirəm, son 20 il ərzində neft-qaz sənayesində qazandığımız ən böyük uğurlardan biri də ondan ibarətdir ki, biz etibarlı tərəfdaşıq, bizim sözümüz imzamız qədər dəyərlidir və biz həmişə verdiyimiz sözə sadiq qalmışıq.

Beləliklə, Azərbaycanın neft-qaz sənayesinə qoyulan sərmayə, yaradılmış gözəl investisiya iqlimi, xarici investorların sərmayələrinin qorunması, güclü siyasi iradə və qurulan gözəl beynəlxalq əməkdaşlıq bugünkü reallıqları mümkün etmişdir. Bu gün bizim imkanlarımız nəinki ölkə daxilində məsələlərin həlli üçün, eyni zamanda, regionda və geniş mənada bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində də öz rolunu oynayır. Azərbaycan əlbəttə ki, getdikcə öz imkanlarını genişləndirəcəkdir.

Hesab edirəm, bizim neft siyasətimizin önəmli əlaməti ondan ibarətdir ki, biz həmişə çalışırıq istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını bir-biri ilə bağlayaq ki, burada heç bir ziddiyyət olmasın və tərəflər ancaq fayda götürsün. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Digər əlamət ondan ibarətdir ki, biz heç vaxt öz neft və qaz imkanlarımızdan hansısa başqa məqsədlər üçün istifadə etməmişik. Sadəcə olaraq öz resurslarımızı dünya bazarlarına və regional bazarlara çıxarmaqla əməkdaşlığı dərinləşdirmişik. Bu gün gözəl bir əməkdaşlıq mühiti vardır və bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Çünki biz növbəti illərdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq.

Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Bildiyiniz kimi, ilk neft dünyada Azərbaycanda hasil edilmişdir və dəniz yataqlarından da ilk neft məhz Azərbaycanda, Neft daşlarında çıxarılmışdır. Bu gün Azərbaycanın neft ölkəsi kimi şöhrəti tam şəkildə bərpa edilib və bu, özünü əvvəlki illərdəkindən daha da çox büruzə verir.

Ancaq bu gün Azərbaycan dünyada və Avropada daha çox qaz hasil edən ölkə kimi tanınır. Bu gün təbii qaz ölkələrin enerji təhlükəsizliyini təmin edən əsas amildir. Hər bir ölkənin enerji təhlükəsizliyi bu gün bilavasitə ölkələrin milli təhlükəsizliyi ilə bağlıdır. Bu iki amili bir-birindən ayırmaq mümkün deyildir. 1996-cı ildə - “Əsrin Kontraktı”nın imzalanmasından cəmi iki il sonra “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı imzalanmış müqavilə bu gün əlbəttə ki, xüsusi məna daşıyır. O illərdə də biz bilirik ki, Azərbaycanın zəngin qaz yataqları var idi və məhz “Şahdəniz” qaz yatağının işlənilməsi bunu təsdiq etdi.

“Şahdəniz” qaz yatağı dünyanın ən böyük yataqlarından biridir və bizim qaz potensialımızın ən azı 50 faizini təşkil edir. Özlüyündə böyük yataqdır. Ancaq bizim digər böyük qaz yataqlarımız da vardır. Son illərdə uğurlu kəşfiyyat işləri nəticəsində “Ümid” və “Abşeron” qaz yataqları aşkarlanıb. “Şahdəniz”, “Ümid”, “Abşeron” və digər yataqlarda olan qaz ehtiyatlarımız ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu da həm Azərbaycanın, həm də Avropanın uzun müddət enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz rolunu oynayacaq və şadam ki, artıq bu istiqamətdə də çox vacib addımlar atılmışdır.

2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilmişdir. Artıq 7 ildir ki, Azərbaycan öz qazını dünya bazarlarına, daha doğrusu, regional bazarlara çıxarır. Bizim neft, qaz kəmərlərimizin çoxşaxəli vəziyyətdə fəaliyyət göstərməsi bu sahədə şaxələndirməni tam şəkildə təmin edir. Çünki bizim 7 neft-qaz kəmərimiz var ki, bu da enerji resurslarımızı bütün istiqamətlər üzrə nəql edir. Əlbəttə ki, biz yeni bazarlara çıxmalıyıq. Çünki bizdə olan böyük qaz potensialı ancaq regional bazarla məhdudlaşa bilməz. Bizim üçün böyük bazarlar lazımdır və o bazarlarda da Azərbaycan qazına tələbat vardır. Biz son illər ərzində bu məsələlər üzərində çox ciddi işləmişik. Bu gün “Cənub” qaz dəhlizinin reallaşması böyük dərəcədə “Şahdəniz” yatağının işlənilməsindən asılıdır. Sevindirici hal ondan ibarətdir ki, “Şahdəniz” qaz yatağının işlənilməsi ilə bağlı bütün məsələlər öz həllini tapıb. “Şahdəniz-2” layihəsinə start verilib. O vaxta qədər TANAP layihəsi imzalanıb və beləliklə, bizim qarşımızda hazırda heç bir maneə yoxdur.

Ancaq biz yaxşı xatırlayırıq ki, uzun illər ərzində Azərbaycan qazını Avropaya nəql etmək üçün danışıqlar gedirdi, söhbətlər aparılırdı, müxtəlif konfranslar, simpoziumlar təşkil edilirdi. Ancaq əfsuslar olsun ki, onların real nəticələri olmamışdır və sadəcə olaraq ildən-ilə müşahidə edilən müzakirələr, bəyanatlar, amma ortada bir şey yox idi. Biz isə istəyirdik ki, bu layihə reallaşsın. Çünki bizim həyata keçirdiyimiz bütün layihələr vaxtında, hətta vaxtından əvvəl reallaşır. Ona görə, biz heç vaxt imkan verə bilməzdik ki, “Cənub” qaz layihəsi gözəl bir layihə, ideya kimi qalsın.

Ona görə, həlledici anlarda biz bütün məsuliyyəti öz üzərimizə götürmüşdük və yeni layihənin icrası ilə bağlı təkliflərimizi vermişdik. Bu layihənin adını da biz vermişik – TANAP, Trans- Anadolu qaz kəməri. Bu layihənin reallaşması üçün biz çox böyük səylər göstərmişik və nəticə etibarilə 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə bağlandı. Bu gün TANAP layihəsi artıq reallıqdır. TANAP layihəsinin həyata keçirilməsi üçün artıq praktiki işlər başlamışdır və bu layihəyə diqqət artmaqdadır.

Mən çox şadam ki, bizim tərəfdaşımız bp şirkəti də TANAP-ın səhmlərinə sahib olubdur və beləliklə, bu böyük beynəlxalq layihə “Cənub” qaz dəhlizinin reallaşmasına həlledici təsirini göstərəcəkdir. Əlbəttə, biz fikirləşə bilərdik ki, TANAP layihəsinin icrası ilə bağlı bütün məsələləri həll etmişik. Neft hasilatı sabitdir. İxrac imkanları genişdir. Biz qaz bazarına da çıxmışıq. Ancaq biz çalışırıq ki, beynəlxalq əməkdaşlığı maksimum dərəcədə genişləndirək və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün öz dəstəyimizi verək. Bu məqsədlə keçən il Trans-Adriatik qaz kəmərinin reallaşması üçün bütün məsələlər öz həllini tapdı və beləliklə, Bakıdan Avropaya, İtaliyaya qədər yeni böyük qaz kəməri tikiləcəkdir.

TAP layihəsi də əməkdaşlığın yeni formatına gətirib çıxarır. Burada əlbəttə ki, bütün ölkələr arasında çox ciddi əlaqələndirmə işləri aparılmalıdır. Çünki bu günə qədər biz bütün layihələri əsasən üç ölkə arasında həll etmişik - Azərbaycan, Gürcüstan, Türkiyə. Bu gün isə bir neçə Avropa ölkəsi bizim layihələrimizə qoşulur. Əlbəttə ki, bu ölkələr arasındakı qarşılıqlı inam, əlaqələndirmə və birgə fəaliyyət bu layihələrin uğurlu reallaşmasına gətirib çıxaracaqdır. Əminəm ki, belə də olacaqdır, çünki bizim böyük təcrübəmiz vardır. Artıq bir neçə kəmər tikilibdir və ümid edirəm ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə də vaxtında öz həllini tapacaq və beləliklə, Avropa üçün yeni qaz mənbəyi təmin ediləcəkdir.

Onu da qeyd etməliyəm ki, TANAP və TAP layihələri Avropaya qazı yeni mənbədən gətirəcəkdir. Bu, sadəcə olaraq yeni marşrut deyildir. Bu, yeni marşrut, yeni mənbədir və bu layihənin xüsusiyyəti məhz ondan ibarətdir. Əlbəttə ki, layihənin həcmi də çox böyükdür.

İlkin hesablamalara görə, 45 milyard dollar vəsait nəzərdə tutulubdur. Azərbaycan da öz maliyyə imkanlarını ortaya qoyur. Hər halda TANAP layihəsində səhmlərin böyük hissəsi Azərbaycana məxsusdur, yəni, biz ən böyük investoruq. TAP layihəsində, “Şahdəniz”də də biz iştirak edirik. Yəni ki, Azərbaycan həm siyasi iradəni ortaya qoyur, öz düşünülmüş neft strategiyasını həyata keçirir, eyni zamanda, maliyyə resurslarını da təmin edir.

Maliyyə resurslarının mənbəyi də neft sənayesi olmuşdur. Burada cənab Vudun qeyd etdiyi kimi, bizim ən böyük uğurlarımızdan biri ondan ibarətdir ki, əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrinin icrasına və ölkəmizin inkişafına yönəldilmişdir.

Bizim vəsaitimiz ildən-ilə artır. Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Əgər şəffaflıq təmin edilməsə idi, biz bu qədər vəsaiti yığa bilməzdik. Bu gün neft-qaz sektorunda və hasilat sənayesində şəffaflıq layihələrində Azərbaycanın iştirakı imkan verib ki, biz böyük maliyyə resurslarına sahib olmuşuq və onlardan səmərəli şəkildə istifadə edirik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların sosial rifahının yaxşılaşmasına və qlobal layihələrə - “Şahdəniz-2”, TANAP, TAP kimi layihələrə öz vəsaitimizi sərf edirik.

Bu layihələr Azərbaycanın gücünü daha da artıracaqdır. Çünki bu gün Azərbaycan əlbəttə ki, sürətlə inkişaf edən ölkədir. Ancaq “Şahdəniz-2” layihəsi bundan sonra uzunmüddətli dayanıqlı inkişafımızı təmin edəcəkdir. Milyardlarla dollar investisiya qoyulacaqdır. Yüzlərlə, bəlkə də minlərlə yeni Azərbaycan şirkəti podratçı kimi çalışacaqdır. Bu, öz növbəsində on minlərlə yeni iş yerinin açılmasına gətirib çıxaracaq və ölkəmizin qeyri-neft sektoru inkişaf edəcəkdir. Çünki tikinti-quraşdırma, infrastruktur layihələrində qeyri-neft sektorunun inkişafı təmin ediləcəkdir. Bizim də əsas məqsədimiz bundan ibarətdir ki, biz qeyri-neft sektorumuzu inkişaf etdirək. Son illərin nəticələri bunu göstərir. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır və beləliklə ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin edilir.

Əlbəttə ki, bizim bu gün iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulmuşdur. Biz bunu unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə “Əsrin Kontraktı”nın imzalanmasından və bu sərginin təşkil edilməsindən sonra başlamışdır. Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Təhsilə, müasir texnologiyalara, kosmik sənayeyə, digər sahələrə qoyulan sərmayələr ölkəmizi gələcəyə aparır.

Bizim maliyyə vəziyyətimiz çox sabitdir. İqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. İşsizlik 5 faiz səviyyəsindədir. Valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 70 faizini təşkil edir. Ölkəmizin rəqabət qabiliyyətliliyi artır. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyi üzrə dünyada 39-cu yerdədir. Biz bütün bunlara islahatların aparılması ilə nail ola bilmişik. Ancaq əgər neft amili, bizim zəngin yataqlarımız, resurslarımız olmasa idi və onlardan səmərəli şəkildə istifadə etməsə idik, buna nail olmaq üçün çox vaxt lazım olacaqdı.

Ona görə biz keçmişə böyük hörmətlə yanaşırıq. Biz dostlarımızın, tərəfdaşlarımızın - həm xarici neft şirkətlərinin, həm bu sərgini təşkil edənlərin fəaliyyətini yüksək qiymətləndiririk. Bu, bizim ümumi uğurumuza gətirib çıxardı və bunun nəticəsidir ki, bu gün sərgidə 400-dən artıq şirkət iştirak edir.

Mən əminəm ki, növbəti sərgidə biz yeni uğurlardan danışacağıq. Çünki biz keçən il sərgidə görüşəndə hələ “Şahdəniz-2” son investisiya qərarı qəbul edilməmişdi. Yəni, bu, son 7-8 ay ərzində baş vermişdi. Əminəm ki, gələn ilin iyun ayında biz yeni uğurlar haqqında danışacağıq.

Sərgiyə böyük uğurlar arzulayıram. Bütün qonaqlara bir daha “Xoş gəlmisiniz!” deyirəm. Sağ olun.

X X X

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

X X X

Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

X X X

Norveç Krallığının neft və enerji nazirinin müavini Kare Fostervold ölkəsinin Baş naziri xanım Erna Solberqin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu.

X X X

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard qurumun enerji məsələləri üzrə komissarı Günter Ottingerin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubunu oxudu. Məktubda deyilir:

“Cənab Prezident, “Cənub” qaz dəhlizi Xəzər qazını və Avropa bazarlarını birbaşa birləşdirərək Avropa İttifaqı-Azərbaycan əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirəcək tarixi layihədir. Eyni zamanda, bu layihə yalnız enerji təhlükəsizliyi deyil, həm də yeni iş yerlərinin yaradılması, sosial və iqtisadi inkişaf baxımından mühüm qarşılıqlı fayda verəcəkdir.

Avropa ikitərəfli əməkdaşlığımıza və bu layihənin reallaşdırılmasına çox böyük əhəmiyyət verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun “Cənub” qaz dəhlizi üzrə imzaladıqları birgə bəyannamədən sonra əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. Ötən ilin dekabrında “Şahdəniz -2” üzrə yekun investisiya qərarının imzalanması bu işlərin təntənəsi olmuşdur. Bununla yanaşı, Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşımızda mühüm vəzifələr durur. Biz xüsusilə əmin olmalıyıq ki, dəhliz boyu bütün infrastruktur layihələri vaxtında yerinə yetirilmiş olsun.

“Cənub” qaz dəhlizi enerji təhlükəsizliyimiz baxımından bizim üçün siyasi prioritet olaraq qalır və Avropa İttifaqı bundan sonra da onun həyata keçirilməsi və genişləndirilməsini dəstəkləyəcəkdir. Komissiya bu niyyəti bir daha vurğulayaraq ötən ilin oktyabrında “Cənub” qaz dəhlizi boyu müxtəlif layihələrin də daxil olduğu qarşılıqlı maraq kəsb edən layihələr siyahısını tərtib etmişdir. Ötən həftə isə Avropa İttifaqı Şurasının xüsusi tapşırığı ilə Avropa Komissiyası enerji asılılığının azaldılması üzrə müfəssəl plan qəbul etmişdir. Bununla “Cənub” qaz dəhlizinin rolu aydın şəkildə vurğulanmış və enerji təchizatımızın şaxələndirilməsi üçün prioritet layihələrin sürətləndirilməsinə xüsusi diqqət ayrılmışdır. 2011-ci ilin yanvar ayında imzalanmış birgə bəyannaməmiz Xəzər regionundan daha da geniş məkandan böyük həcmdə qaz ehtiyatlarını daşıyacaq “Cənub” qaz dəhlizinin yaradılmasının əsasını qoydu. Bu mənada Avropa İttifaqının baxışı dəyişməmişdir. Biz inanırıq ki, “Cənub” qaz dəhlizi Avropanın illik 550 milyard kubmetrlik tələbatının ən azı 10 faizi, ideal halda isə 20 faizini təmin etməlidir.

Azərbaycan “Cənub” qaz dəhlizinin icraçısı və əhəmiyyətli iştirakçısı olacaqdır. Mən əminəm ki, sizin iştirakınız Türkiyə və Avropaya daha çox qaz həcminin sürətlə ötürülməsi üçün əlavə sərmayə qoyuluşuna səbəb olacaqdır. Bu kontekstdə Avropa Komissiyası “Cənub” qaz dəhlizinin daha da genişləndirilməsi məsələsinə sadiqdir. Bu, Türkmənistan ilə Transxəzər qaz kəməri üzrə üçtərəfli danışıqların aparılmasına da şamil olunur. Bizim enerji əməkdaşlığımız çox güclü zəmin üzərində qurulub. Enerji təhlükəsizliyi sahəsində birgə məqsədlərimiz qarşılıqlı və uzunmüddətli fayda üzərində qurulmuş səmərəli əməkdaşlıq üçün münbit şərait yaradır.

Komissiya adından və Avropa adından qeyd etmək istərdim ki, biz gələcəkdə daha geniş əməkdaşlığa nikbin baxırıq”.

X X X

Sonra bp şirkətinin baş icraçı direktoru Robert DADLİ təmsil etdiyi şirkətlə ölkəmiz arasındakı fəal və səmərəli əməkdaşlığın bəhrələrindən danışaraq dedi:

- Zati-aliləri cənab Prezident.

- Nazirlər, səfirlər, hörmətli qonaqlar.

- Xanımlar və cənablar.

Cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm. Burada olmağımdan məmnunam. Qeyd etməliyəm ki, bu tədbir çox mötəbər olmuşdur. İyirmi il ərzində həcminə görə böyümüş və neft sənayesi təqvimində əlamətdar tarixə çevrilmişdir.

İyirmi il bundan öncə bu sərgi yeni yaranırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra neft və qaz sərgisinin dirçəlişini özündə əks etdirdi. Mərhum Prezident Heydər Əliyevin uzaqgörənliyi nəticəsində üç il sonra bp və onun tərəfdaşları ilə Azərbaycan Hökuməti arasında “Əsrin Müqaviləsi” imzalandı. Bildiyiniz kimi, bununla da ölkə dünyanın aparıcı neft və qaz istehsalçısı kimi yenidən səhnəyə çıxdı. İstərdim deyim ki, sonrakılar ancaq tarixdir, lakin bu, belə deyildir. Tarix davam edir və bu tarix keçmişlə bağlı olduğu qədər də gələcəklə bağlıdır. Biz “Əsrin Müqaviləsi”nin imzalanmasının 20 illiyini qeyd edirik. 1994-cü ildən etibarən nailiyyətlərimiz misilsiz olmuşdur. Bunlar Azərbaycan üçün faydalı olmuşdur. Bu, eyni zamanda, bp və bizim tərəfdaş şirkətlər üçün də faydalı olmuşdur. Bizim layihələrdə çalışmış on minlərlə yerli vətəndaş da bundan faydalanmışdır. Eyni zamanda, yüzlərlə Azərbaycan şirkəti də bu işlərdən faydalanmışdır.

Məqsədlərə sadiqlikdən qaynaqlanan bir sıra uğurları qeyd etmək olar. Onların bir neçəsini diqqətinizə çatdırıram: Güclü və inkişaf edən iqtisadiyyata töhfə, iqtisadi artımın təməlində duran yeni gəlirlər axınının təmin edilməsi, dünyanın müxtəlif ölkələri ilə yeni ticarət əlaqələrinin yaranması, karbohidrogen resurslarının dənizdə hasilatının bərpa edilməsi, dünyanın ən müasir neft və qaz zavodlarından birinin yaradılması, dünya səviyyəli təlim-tədris və istehsalat sahələrinin və peşəkar milli kadrların hazırlanması, kənd yerlərində insan kapitalının və infrastrukturun yaradılması.

Olduqca geniş bir siyahıdır. Təbii ki, bunların heç biri Prezident İlham Əliyevin rəhbərliyi, hökumətin, ARDNŞ-in, tərəfdaşlarımızın və əlbəttə ki, Azərbaycan xalqının dəstəyi olmadan mümkün olmazdı. Bu, bir neft sərgisidir və bu işlə məşğul olanlar 20 il ərzində buradakı nailiyyətlərlə fəxr edə bilərlər.

Biz Azərbaycanda uğurun əsl nümunəsi olmuşuq və bütün dünya bundan xəbərdar olmalıdır. Beynəlxalq səviyyəli infrastruktura gəldikdə, biz Xəzər dənizində ən böyük platformalar qurmuşuq. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarını 20 il ərzində təhlükəsiz istismar etmişik. Biz Səngəçalda nəhəng karbohidrogen emalı terminalı inşa etmişik və ondan təhlükəsiz şəkildə istifadə edirik. Biz Xəzərdən Türkiyəyə qədər uzanan Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəmərini inşa etmişik. Onları 2005-ci ildən uğurla istismar edirik.

Daha bir neçə fakt və rəqəmi diqqətinizə təqdim edirəm. 1997-ci ildən etibarən “Azəri-Çıraq-Günəşli” yatağından 2,5 milyard barrel neft hasil olunubdur. Ötən 9 il ərzində həmin yataqdan hasil edilən neftlə dolu 2500 tanker Ceyhan terminalından yola salınmışdır. Biz 20 il ərzində tərəfdaşlarımızla birlikdə ölkə vətəndaşları ilə bağlı layihələrə 60 milyon dollar vəsait xərcləmişik. Keçən 10 il ərzində biz “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 43 milyard kubmetr qaz hasil etmişik.

Zənnimcə, bizim sənaye özünü sosial və ətraf mühitin qorunması ilə bağlı öhdəliklərini yerinə yetirməkdədir. Bir nümunəni diqqətinizə çatdırım. Son 20 il “Azəri-Çıraq-Günəşli”də ətraf mühitə ziyanla bağlı 90-dan artıq dəyərləndirmə və quruda, dənizdə və dənizkənarı ərazilərdə 190-dan çox monitorinq keçirilmişdir.

Keçən ilin sonunda biz daha bir mühüm addım atdıq. bp, ARDNŞ və tərəfdaşlarımız “Şahdəniz” yatağının ikinci mərhələsi ilə bağlı sərmayəmizin artırılmasına və işlərin davam etdirilməsinə dair qərar qəbul etmişlər. Bu, indiyə qədər neft və qaz sənayesində başlanılacaq ən mürəkkəb layihələrdən biridir. Bu, Azərbaycana birbaşa yatırılmış ən böyük xarici sərmayədir. Bu, Xəzər dənizində ilk sualtı istehsalat infrastrukturu olmaqla texniki baxımdan da bir yenilik olacaqdır.

Kəmərlər şəbəkəsinə gəldikdə, onların uzunluğu 3 min 500 kilometr təşkil edəcəkdir ki, bu da Bakı-Tbilisi-Ceyhan kəmərindən iki dəfə uzundur. Tikinti mərhələsinin qızğın çağlarında Azərbaycanda 10 mindən artıq yeni iş yeri yaranacaqdır. Bundan 2 dəfə artıq yeni iş yerləri “Cənub” qaz dəhlizi boyu yerləşən ölkələrdə yaranacaqdır.

Bu layihə yalnız iştirakçı şirkətlər üçün deyil, həm də Azərbaycanın beynəlxalq rolu baxımından mühüm əhəmiyyət kəsb edir. “Cənub” dəhlizi ilə nəql olunacaq qazdan bəhrələnəcək Avropa ölkələri ilə Azərbaycan arasında yeni əlaqələr yaranacaqdır. Təmsil etdiyimiz sənaye belə strateji və nüfuzlu layihələrdə iştirak etdiyinə görə biz iqtisadiyyatın tərkib hissəsi oluruq. Bu isə cəmiyyətdə daha geniş rol oynamağı tələb edir. Bu baxımdan şadam ki, bp Azərbaycan Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıq Sazişi imzalamışdır, ölkənin istedadlı oğlan və qızlarını dəstəkləyir. Biz Avropa Gənclərinin qarşıdan gələn Bakı Olimpiya Sınaq Oyunlarını dəstəkləyirik. Gələn il Bakının ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olmağı planlaşdırırıq. Bu, bizim üçün böyük şərəfdir. Bu, gənclər üçün yeni imkanların yaradılması və Azərbaycanın gələcəyi üçün xüsusən əhəmiyyətlidir. Həqiqətən də gördüyünüz bütün işlər gələcəyə hesablanmış sərmayədir. Biz Azərbaycanda və dünyada olan bütün dost və tərəfdaşlarımız ilə bu işləri davam edəcəyik. Təşəkkür edirəm.

X X X

Daha sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış oldu.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspozisiyasında “Əsrin Müqaviləsi”nin imzalanmasından ötən 20 ildə qazanılan nailiyyətlər geniş əksini tapmışdır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq ötən illərdə aparılan məqsədyönlü və ardıcıl iş sayəsində SOCAR artıq beynəlxalq səviyyəli şirkətə çevrilmişdir. Hazırda SOCAR-ın müxtəlif ölkələrdə 13 nümayəndəliyi fəaliyyət göstərir. Bundan başqa, Dövlət Neft Şirkəti xaricdə alğı-satqı ilə məşğul olan qurumlarını açır, həmçinin ölkəmizin Gürcüstanda və bir sıra Avropa dövlətlərində 340-dan çox yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Diqqətə çatdırıldı ki, ötən illərdə Dövlət Neft Şirkətinin sifarişi və maliyyə dəstəyi ilə respublikamızda 43 sosial obyekt istismara verilmişdir.

Prezident İlham Əliyevə şirkətin perspektiv planları barədə də ətraflı məlumat verildi.

“Əsrin Müqaviləsi” imzalanandan bəri Böyük Britaniyanın bp şirkəti də ölkəmiz ilə sıx əməkdaşlıq edir. Dünyada xüsusi nüfuz sahibi olan bu iqtisadi qurum respublikamızın neft-qaz sektorunun əsaslı şəkildə inkişafında və ən müasir standartlar səviyyəsində yenidən qurulmasında səyini əsirgəmir.

Dövlətimizin başçısına bp şirkətinin yaxın illərdə həyata keçirəcəyi layihələr barədə də məlumat verildi.

SOCAR-ın təsis etdiyi Bos Shelf şirkəti də respublikamızın neft-qaz sektorunda həyata keçirilən ən mühüm layihələrdə yaxından təmsil olunmuşdur. Həmin iqtisadi qurum “Şahdəniz-2” mərhələsi çərçivəsində dərin özüllər zavodunun daha da müasirləşdirilməsi və bir sıra digər layihələrdə müvafiq işlər görəcəkdir.

“SOCAR Türkiyə” şirkəti də qardaş ölkədə ildən-ilə daha geniş təmsil olunur. SOCAR xaricdə ən böyük məbləğdə investisiyasını da məhz Türkiyənin iqtisadiyyatına qoyur.

Fransanın GDF Suez şirkəti artıq 5 ildən çoxdur ki, Azərbaycan ilə neft-qaz sektorunda fəal əməkdaşlıq edir. Bu iqtisadi qurum da ölkəmizdə hər il keçirilən neft-qaz sərgi və konfransının daimi iştirakçılarından biridir və ən son yeniliklərini respublikamızda tətbiq edir.

İtaliyanın SAİPEM şirkəti 2001-ci ildən Azərbaycanda çalışır. Həmin iqtisadi qurum “Şahdəniz-2” mərhələsində də bir sıra layihələrdə iştirak edir və əsasən inşaat işləri ilə məşğul olur.

RussNeft də Azərbaycanın neft-qaz bazarında geniş təmsil olunur və Rusiyanın 10 ən iri neft-qaz şirkətindən biridir. Bu iqtisadi qurum geoloji kəşfiyyat və digər işlərin yerinə yetirilməsində öz yeniliklərini və qabaqcıl təcrübəsini ölkəmizlə bölüşür.

Türkiyə Petrolları şirkəti də “Əsrin Müqaviləsi” imzalanandan bəri Azərbaycan bazarında ən fəal iqtisadi qurumlardan və etibarlı tərəfdaşlardan biri sayılır. Bu yaxınlarda Fransanın TOTAL şirkətinin 10 faizlik payını alan Türkiyə Petrolları “Şahdəniz-2” çərçivəsində payını 19 faizə çatdırmışdır.

Norveçin Statoil şirkəti də neft-qaz sektorunda Azərbaycanın ən əsas tərəfdaşlarından biridir. Ötən illərdə Statoil SOCAR və digər iqtisadi qurumlarla birgə silsilə nailiyyətlərə imza atmış, xüsusilə respublikamızda qaz hasilatının artırılmasına mühüm töhfələr vermişdir.

Prezident İlham Əliyev IV Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin ekspozisiyaları ilə də tanış oldu.

Azərbaycanın ev sahibliyi etdiyi bu sərgi də qısa müddətdə dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrilmişdir. Dünyanın energetika və alternativ enerji sahəsində ixtisaslaşan tanınmış şirkətləri ildən-ilə bu sərgiyə daha çox maraq göstərirlər. Burada energetika, elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət, enerjidən səmərəli istifadə, müasir işıqlandırma və bir sıra digər sahələrlə bağlı ən son elmi-texniki yeniliklər və qabaqcıl təcrübə nümayiş etdirilir. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, sərginin bazarı maksimum əhatə etməsi üçün ardıcıl tədbirlər reallaşdırılır. Burada elektroenergetika sənayesinin nümayəndələri ətraflı fikir mübadiləsi aparmaq imkanı qazanırlar. Zəngin ekspozisiyası ilə seçilən bu sərgi işgüzar əlaqələrin qurulması və yeni satış bazarlarının əldə olunması baxımından böyük potensial imkanlara malikdir.

XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası, eləcə də, IV Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgiləri ilə tanış olan Prezident İlham Əliyev sərgi və konfrans iştirakçılarına bir daha uğurlar arzuladı, fəxri qonaqlar kitabını imzaladı.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Bakı Sərgi Mərkəzində XXI Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi və konfransı işə başlamışdırAzərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir VİDEO

Naxçıvanda elektrik verilişində qısa fasilələr yaranacaq

Filippində düyü satışı qalmaqalına görə 130-dan çox məmur işdən çıxarıla bilər

Həkim-ftiziatr: İctimai nəqliyyatdan istifadə etdikdən sonra mütləq əlləri sabunlamaq lazımdır

Prezident İlham Əliyev Pakistanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə Şahbaz Şərifi təbrik edib

ADPU STEAM Mərkəzinin komandası “Robotex Azərbaycan”da I yerə çıxıb

Mütəxəssis: Kataraktanın yeganə müalicəsi cərrahi əməliyyatdır

Nicat Abasovun İddiaçılar Turnirdəki rəqibləri bəlli olub

Pakistan İslam Respublikasının Baş naziri Zati-aliləri cənab Məhəmməd Şahbaz Şərifə

ANAMA: Ötən həftə 371 partlamamış hərbi sursat zərərsizləşdirilib

Paytaxt yollarında sıxlıqların yaranmasının səbəbləri açıqlanıb

Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilib

BDU tələbələri arasında “Qarabağa bahar gəldi” adlı rəsm müsabiqəsi elan edilib

“ASAN xidmət”in “Bilim Bakı” mərkəzinin komandaları növbəti uğura imza atıb

Ağdam Sənaye Parkında əhəng və perlit istehsalı müəssisəsi yaradılacaq

Avstriya Milli Şurasının Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Şəhidlər xiyabanını ziyarət edib

İran Sudanda hərbi baza qurmaq planının olmadığını bildirib

Azərbaycanlı yazarın məqalələri ərəbdilli mətbuatda geniş yayılıb

Professor Məsud Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvlük diplomu təqdim olunub

Ukraynanın ədliyyə naziri: korrupsionerləri döyüşə göndərmək lazımdır

BDU-nun 7 komandası “Robotex Azərbaycan”ın qalibidir

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı 10 ildə 91 faiz artıb

“Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri çapdan çıxıb

Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş mədəni-kütləvi tədbir keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qubada vətəndaşlarla görüşəcək

Yüksək enerjili γ-şüalanma mənbəyi kəşf olunub

Gürcüstanda əhalinin sayı azalır

OPEC və OPEC+ ölkələrindən bir neçəsi neft hasilatını könüllü azaltmaqla bağlı müddəti artırıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə mübarizə aparacaqlar

Bahar Muradova: Təzyiqə məruz qalan şəxslərin sosial şəbəkədə görüntüləri paylaşılarkən onların gələcək taleyi düşünülmür

Astanada Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 20-ci iclası keçiriləcək

Səudiyyə Ərəbistanı neft hasilatını könüllü olaraq azaldıb

Saatlıda yol qəzası nəticəsində piyada həyatını itirib

Od çərşənbəsində ölkə ərazisində 15 dərəcəyədək isti olacaq

Azərbaycanda 2024-cü ilin idman səfirləri müəyyənləşib

Jelyazkov: Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədir

İqlim dəyişikliyi yoluxucu xəstəliklərin yayılmasına təsir edir, əhalini yeni xəstəliklər və epidemiyalar riskinə məruz qoyur

Bahar Muradova: “Zərif mühəndislər” layihəsi qızların təhsilinə xüsusilə dəstək olacaq

Dövlət Neft Fondunun fevralda dollar satışının həcmi açıqlanıb

Səhiyyə müəssisəsində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Pakistanda şiddətli yağışlar 36 nəfərin ölümünə səbəb olub

TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 12-ci iclası Qazaxıstanda keçiriləcək

Teatr Xadimləri İttifaqında “Baxış - 4” festivalının açılışı olub

Alimlər möhtəşəm səhra ulduz təpələrinin sirlərini açır

Bolqarıstan Xalq Məclisinin sədri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

İsveçrəli təqaüdçülərə hər il 13-cü pensiya veriləcək

Beynəlxalq buzadırmanma yarışında Azərbaycan komandası iki bürünc medal qazanıb

Prezident İlham Əliyev Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib YENİLƏNİB VİDEO

Laşa Darsaliya: Gürcüstan sülh dialoqu üçün öz platformasını təklif edir

İki il əvvəl itkin düşmüş Abşeron rayon sakininin qəsdən öldürülməsi müəyyənləşdirilib

ÜST-5 rifah indeksi əsasında elmi araşdırma aparılıb

Türkiyə Superliqası 168 milyon avroluq yayım gəliri ilə Avropada altıncı yerə yüksəlib

Bakıda “Gənclərin Xalq Diplomatiyası Sammiti-2024” keçirilib

Bahar Muradova Goranboyda vətəndaşların müraciətlərini dinləyəcək

Qadınlardan ibarət sablya üzrə Azərbaycan millisi Dünya Kubokunda doqquzuncu olub

Malayziya MH370 aviareysi ilə bağlı təhqiqatı davam etdirməyə hazırdır

Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb VİDEO

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb

Azərbaycanın bərpaolunan enerji istehsalının sürətlə artması ölkəmizi bu sahə üzrə regionda əsas ixracatçıya çevirmək məqsədi daşıyır

Tbilisidə keçirilməsi planlanan “OpenTalks.AI” konfransı ləğv edilib

Türk dövlətlərinin iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinin növbəti toplantısı keçirilib

Bakıda Tatar Mətbəxi Festivalı keçirilib

Qadın və kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunların vaxtı açıqlanıb

Premyer Liqada bu mövsümün üçüncü məhsuldarlığı qeydə alınıb

Paytaxt üzrə 39 mərkəzdə olimpiada və müsabiqə keçirilib

Braziliyada avtobus qəzasında iki turist ölüb, 40 nəfər yaralanıb

Avstraliyada köklükdən əziyyət çəkənlərin sayı on ildə 61,5 faiz artıb

Dənizkənarı Bulvar İdarəsində media nümayəndələri ilə görüş keçirilib

Ədəbiyyat İnstitutunun 90 illik yubileyi keçirilir YENİLƏNƏCƏK

Osman Mesten: Xocalıda insanları, sadəcə, türk olduqları üçün qətlə yetirənlərin cəzalandırılmasını tələb edirik

BMU-nun iki komandası “Robotex Azərbaycan”da birinci yeri tutub

Bloomberg: Qərb uran mədənlərinin fəaliyyətini bərpa edir

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti şəhidlərin xatirəsini ehtiramla yad edib

Martın 4-ü Piylənmə ilə Mübarizə Günüdür

TÜRKPA-ya üzv dövlətlər arasında elm və texnologiya sahəsində əlaqələr daha da genişləndirilməlidir

“Neftçi” Azərbaycan çempionatlarında 200-cü məğlubiyyətini alıb

Tələbələr və elmi işçilər üçün dəyərli kitab

Ali məktəblərdə təhsil alan əlilliyi olan şəxslərin sayı açıqlanıb

“Zirə”nin legioneri Premyer Liqa tarixinə düşüb

Gürcü şairi Makvala Qonaşvilinin şeirlər kitabı nəşr olunub

Oliver Pardo: Heç bir hüquqşünas Makronun Ermənistanı silahlandırmaq qərarını qəbul edə bilməz

Rəsədxana: Geomaqnit sahəsinin sakit olacağı proqnozlaşdırılır

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub

FHN: Həftəsonu 98 yanğına çıxış olub, 21 nəfər xilas olunub

TƏBİB: İtin dişlədiyi azyaşlının vəziyyəti ağırdır

“Mançester Siti” 69 il sonra ilkə imza atıb

Bakıda TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası keçirilir

Analitik kimyaya dair yeni dərs vəsaiti

ABŞ-ın “Crew Dragon” kosmik gəmisi uğurla orbitə çıxarılıb

Xankəndidə 3,8 kiloqram marixuana aşkarlanıb

TÜRKPA-nın komissiya iclasının iştirakçıları Şəhidlər xiyabanını ziyarət ediblər

İsraildə 250 min il əvvələ aid daş alətlər tapılıb

Ötən ay Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 10 min 600-dən çox müraciət daxil olub

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Albalı bağında” layihəsi təqdim edilib

Braziliyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 oktyabr tarixli 285 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də və 2017-ci il 8 fevral tarixli 44 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri işlərinin avtomobil yollarının bilavasitə altında və ya yolların kənarı boyunca yerləşən mövcud mühəndis-kommunikasiya təminatı sistemlərini istismar edən qurumların işləri ilə uzlaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

“Qida təhlükəsizliyinə risk əsaslı dövlət nəzarətinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Aqrar Sığorta Fondu kənd təsərrüfatı mütəxəssisləri üçün yeni əməkdaşlıq imkanı yaradıb

Binəqədinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq

Dünya birjalarında neft ucuzlaşıb