ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin professoru “İlin ən yaxşı PR mütəxəssisi” mükafatına layiq görülüb
Bakı, 18 noyabr, AZƏRTAC
Türkiyə Respublikasında üçüncü dəfə keçirilən “Türkiyə-Azərbaycan Qardaşlıq Mükafatları”nın təntənəli mərasimində mükafatlar sahiblərinə təqdim edilib. Qaliblər sırasında olan Bakı Slavyan Universitetinin (BSU) professoru, Jurnalistika kafedrasının müdiri, Əməkdar jurnalist Şəlalə Həsənova “İlin ən yaxşı PR mütəxəssisi” mükafatına layiq görülüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Türkiyənin “BHS Qrup” şirkətinin və İstanbul-Azərbaycan Dostluq Dərnəyinin təşkil etdiyi ənənəvi tədbirdə hər iki ölkənin sənət, siyasət, iqtisadiyyat, elm, incəsənət, media və digər sahələrdə nailiyyətlər qazanmış tanınmış simaları mükafat sahibləri kimi ictimaiyyətə təqdim olunublar. Gecənin təşkilatçıları Atakan Taşur və Hülya Ağasoy açılış nitqində bu fikri önə çəkiblər: “Məqsədimiz iki qardaş ölkənin ən yaxşılarını bir arada tutaraq birliyimizi bütün dünyaya yaymaqdan ibarətdir”.
Tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun məsul şəxsləri iştirak ediblər.
“Bir millət, iki dövlət” devizi ilə təşkil olunan tədbir hər iki ölkədə canlı yayımlanıb, Türkiyənin xəbər proqramlarında və saytlarında geniş işıqlandırılıb.