SİYASƏT
“Bakı Təşəbbüs Qrupu” tərəfindən BMT-də Fransa müstəmləkəçiliyi ilə bağlı müzakirələr təşkil olunub VİDEO






Bakı, 22 sentyabr, AZƏRTAC
Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən Birləşmiş Millətlər Təşkilatının qərargahında “Dekolonizasiya: Sakit inqilab” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bakı Təşəbbüs Qrupu” tərəfindən təşkil edilmiş konfransın əsas məqsədi BMT Baş Assambleyası tərəfindən 75/123 nömrəli “Müstəmləkəçiliyin ləğvi üzrə beynəlxalq dördüncü onillik” adlı qətnamənin qəbulunun yaratdığı imkanlardan yararlanmaq üçün müzakirələrin aparılması olub.
Tədbirdə Fransanın dənizaşırı bölgələri - Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupanın müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, Melaneziya Təşəbbüs Qrupunun təmsilçisi iştirak ediblər. Müstəqillik və millətçi hərəkatlarının nümayəndələri Fransa müstəmləkəçiliyindən tam azad olunanadək və müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirəcəklərini bəyan ediblər.
Sonra konfrans iştirakçılarına yeni yaradılmış “Bakı Təşəbbüs Qrupu” İctimai Birliyinin fəaliyyəti ilə əlaqədar geniş məlumat verilib, Qoşulmama Hərəkatının koordinasiya bürosu tərəfindən müstəmləkəçiliyə qarşı təşkilatın öhdəliyi haqqında danışılıb.
İştirakçılar təmsil etdikləri bölgələrdəki vəziyyətə dair çıxışlar edib və dekolonizasiya mövzusu ilə bağlı geniş müzakirələr aparıblar.
Sonda yekun bəyanat oxunub və qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı yan tədbir keçirilib. Bütün dünyada müstəmləkəçiliyə məruz qalan xalqlara, xüsusilə Karib adaları, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələrinə həsr olunmuş bu tədbir bütün maraqlı tərəflərə Fransa dövlətinin müstəmləkəçilik siyasətinin müvafiq ölkələrdə fəsadlarına dair fikir mübadiləsi aparmağa imkan verib. Tədbirdə XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrinin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəliblər.
Sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçirilən konfrans məhz Bakıdakı tədbirin davamı, eləcə də Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə əməkdaşlığın dərinləşdirilməsi məqsədilə təşkil edilib.