ELM VƏ TƏHSİL
Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsil pilləsi üzrə dərsləri distant şəkildə davam etdirir
Bakı, 2 aprel, AZƏRTAC
Azərbaycanda koronavirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə respublika ərazisində karantin vəziyyətinin elan edilməsini və təhsil müəssisələrində tədris prosesinin təxirə salındığını nəzərə alaraq Bakı Xoreoqrafiya Akademiyası orta ixtisas təhsil pilləsi üzrə dərsləri onlayn və videogörüntülər vasitəsilə təşkil edir. Təhsil ocağında dərslər proqram üzrə davam etdirilir.
Bakı Xoreoqrafiya Akademiyasından AZƏRTAC-a bildirilib ki, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi real iş vaxtı rejimində dərslərin keyfiyyət və çevikliyinin təmin edilməsi məqsədilə müəyyən təlimatlar, metodiki göstərişlər və proqram təminatı ilə bağlı məsləhət xarakterli tele və videogörüşlər təşkil edir, nümunəvi dərsləri ali təhsil müəssisəsinin rəsmi “YouTube” kanalı və “Facebook” səhifəsində yerləşdirir. Belə ki, müəllimlərdən Xalq artistləri Yusif Qasımov və Kamilla Hüseynova, Əməkdar artistlər Səbinə Qasımova, Gülməmməd Şahverdiyev, Eteri Cəfərova, Kamilə Əliyeva, Emil Əzizov, Yelena Çernousova və digərlərinin akademiyanın orta ixtisas təhsil pilləsi üzrə Azərbaycan rəqsi, dünya xalq rəqsi, xalq səhnə rəqsi, klassik rəqs və digər ixtisas və nəzəri fənlər üzrə bu cür dərslər təşkil olunub.
Dərslər bundan sonra da davam etdiriləcək.