ELM VƏ TƏHSİL
Bakıda “Akademik Elm Həftəliyi- 2015” Beynəlxalq Forumu işə başlayıb
Bakı, 2 noyabr, İ. Əsədov, P. İmanova, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin binasında bu qurumun yaranmasının 70 illiyinə həsr olunan “Akademik Elm Həftəliyi- 2015” Beynəlxalq Multidissiplinar Forumu işə başlayıb.
Tədbir AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və xarici ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri forumun açılış mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 14 mart tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.
Bu yaxınlarda AMEA-nın yaranmasının 70 illik yubileyinin keçiriləcəyini diqqətə çatdıran alim rəhbərlik etdiyi akademiyada aparılan elmi-tədqiqatlardan, gənclərin elmə marağının artırılması ilə bağlı reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan danışıb.
Bildirilib ki, forum digər ənənəvi tədbirlərdən fərqlənir. Forum çərçivəsində interaktiv müzakirələr təşkil olunacaq. Müzakirə üçün olduqca aktual olan “Elmin inkişafında mövcud fondların rolu”, İnnovativ ideyalar və perspektivlər” və s. kimi mövzuların seçilməsi və bu prosesə ölkəmizin tanınmış elm, ictimaiyyət və KİV nümayəndələrinin cəlb olunması xüsusi əhəmiyyət kəsb edir.
Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin elm və təhsil sahəsinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladıb, ölkəmizdə elmin inkişafı üçün həyata keçirilən islahatların bu sahəyə töhfələr verdiyini bildirib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov beynəlxalq forumun səmərəli nəticələr verəcəyinə əmin olduqlarını bildiriblər.
Qeyd olunub ki, noyabrın 3-də və 4-də təşkil olunacaq bölmə iclaslarında ümumilikdə 150 məruzə dinləniləcək.