İQTİSADİYYAT
Bakıda “DecorExpo” Beynəlxalq mebel, ev parçaları və ev əşyaları sərgisi açılıb
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Bakı Sərgi Mərkəzində “DecorExpo”- Beynəlxalq mebel, ev parçaları və ev əşyaları sərgisi-“DecorExpo” açılıb.
AZƏRTAC xəbər verir ki, “Atılım Fuarcılık” və “ElanExpo”-nun həmkarlığı ilə təşkil edilən sərgidə Azərbaycan, Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya və digər ölkələrdən 70‐dən artıq şirkətin nümayəndələri iştirak edir. Mayın 2-dək davam edən beynəlxalq sərgidə Türkiyədən “Alfemo Mobilya”, “Yağmur Mobilya” və “İmparator Mobilya”; İtaliyadan “Italserramanti BEE‐den Al Aqili Furnishings”, Koreyadan “Win Win Chairmeister”, Azərbaycandan “My Mebel”, “Saloğlu Mobilya” və s. şirkətlər təmsil olunur.
Sərgidə Azərbaycanda bu ildən fəaliyyətə başlayan “Ratan” mebel müəssisəsi də nümayiş olunur. “Azratan collection” adı altında sərgilənən kolleksıya əl işlərindən ibarətdir, milli xüsusiyyətləri ilə seçilir, istehsal olunan mebellərin etiketində “Azərbaycan” sözü yazılır.
Hər cür mebel və aksessuarlar, dekorasiya məhsulları, ev parçaları, bütün xalı növləri və digər sektor məhsulları nümayiş olunan sərgidə iştirakçılar dünya brendlərini sərfəli qiymətlərlə satın ala bilərlər. “DecorExpo” sərgisində Azərbaycan şirkətləri yeni səhmdarlar və kommersiya imkanları əldə edə bilərlər.