İQTİSADİYYAT
Bakıda “Dodge” markasının “Durango” avtomobilinin təqdimatı keçirilmişdir
Bakı, 8 dekabr (AZƏRTAC). Dekabrın 8-də Bakıda ABŞ-ın əfsanəvi “Chrysler”, “Jeep” və “Dodge” avtomobil markalarının rəsmi distribüteri “Chrysler” Mərkəzi yeni “Dodge” markasının və onun “Durango” modelinin təqdimatını keçirmişdir.
AZƏRTAC xəbər verir ki, 1914-cü ildən istehsala başlayan “Dodge” avtomobil markasının “Durango” modeli ABŞ avtomobil bazarında şöhrət qazanmış “Jeep Grand Cherokee”-nin platformasında istehsal olunur.
Təqdimat mərasimində “Chrysler” Mərkəzinin direktoru Vüqar Bayramov “Durango”nun avtomobil həvəskarlarının marağına səbəb olacağını bildirərək, Azərbaycan bazarında baza modeli kimi avtomobilin “CREW” modelinin təklif edildiyini diqqətə çatdırmışdır.
Daimi tam ötürücü sistem hesabına 7 yerlik “Durango”nun təhlükəsiz idarə olunması və manevr qabiliyyəti tam həcmli SUV-lər arasında ən yüksək səviyyəyə qalxmışdır. Təsadüfi deyil ki, istehsalçı “Durango” modelini idman xarakterli “performance SUV” kimi təqdim edir. Avtomobil alıcılara 3,6 L həcmli 290 at güclü V6 və əfsanəvi HEMİ - 5,7 L həcmli 360 at güclü V8 mühərriklərdə təklif olunacaqdır.