MƏDƏNİYYƏT
Bakıda gənc rəssam Ədilə Fətəliyevanın fərdi sərgisi açılmışdır
Bakı, 28 oktyabr (AZƏRTAC). Bakıdakı “Qalereya-1969” sərgi salonunda gənc rəssam Ədilə Fətəliyevanın foto və rəsm əsərlərindən ibarət ilk fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar Birliyinin katibi, Xalq Rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılığına yüksək qiymət verərək bildirmişdir ki, Ə.Fətəliyevanın həm rəsmlərində, həm də fotolarında onun incəsənətin vurğunu olduğu açıq-aydın hiss olunur. Mən sərgi başlamazdan əvvəl müəllifin həm fotolarına, həm akvarel rəsmlərinə baxdım. Gənc rəssamın əsərlərində bir həssaslıq duyulur. Ümid edirəm ki, hansı yaradıcılıq yolu seçəcəyindən asılı olmayaraq biz dəfələrlə onun yeni-yeni yaradıcılıq uğurlarının şahidi olacağıq.
Tədbirdə çıxış edən digər natiqlər gənc rəssama yaradıcılıq uğurları arzulamışlar.
Daha sonra sərgiyə baxış keçirilmişdir. Sərgidə Ədilə Fətəliyevanın 68 foto, 38 akvarel, 3 batika işi nümayiş olunmuşdur.
Onun “Dişlənmiş ay”, “Sükuta şükranlıq edirəm”, “Gülən cırcırama”, “Nurlandırma” və digər fotoları sərgiyə gələnlərin marağına səbəb olmuşdur.
Sərgi iki gün davam edəcəkdir.