MƏDƏNİYYƏT
Bakıda İqor Burqanovun “Müasir xalça”sərgisi açılmışdır
Bakı, 12 may (AZƏRTAC). Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Rusiyanın əməkdar rəssamı İqor Burqanovun “Müasir xalça” sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılışında çıxış edərək bildirmişdir ki, İqor Burqanov “Burqanov evi” Moskva Dövlət Muzeyinin direktoru, Rusiya Rəssamlar Akademiyasının müxbir üzvü, Rusiyanın əməkdar rəssamı, sənətşünaslıq namizədi, dosent, məşhur “Göy Xoşbəxtlik Quşu” rəsm aksiyasının müəllifidir. Onun yaratdığı Xoşbəxtlik Quşu rəmzi Avropa və Rusiyanın bir çox bədii arxitektura obyektlərində istifadə olunmuşdur. Xoşbəxtlik quşu obrazından Kuante (Belçika) şəhərindəki Rusiya əsgərlərinə abidədə, Moskvadakı “Şimali Butovo” yaşayış kompleksində, “Fili” rayonundakı uşaq parkında, “Yeni Olimpiya Kəndi”nin landşaftında istifadə olunmuşdur.
İ.Burqanov Xilaskar İsa məbədinin yenidən qurulmasında iştirak etmişdir, “Bratislavskaya” metro stansiyasının relyeflərinin müəllifidir. Rəssamın yaradıcılıq palitrası çox rəngarəngdir. O, heykəl portretlər ustası sayılır. Burqanov II Aleksi, Moskva knyazı Dmitri Donskoy, imperator II Nikolay, şair F.Tütçevin portretlərinin müəllifidir.
İqor həmyerlimiz, tanınmış heykəltəraş Aleksandr Burqanovun oğludur. Onun yaratdığı misilsiz xalçalar bu sahəyə yeni yanaşmanın rəmzidir. O, Azərbaycan ənənəvi xalçalarından Avropa xalçalarına keçərək onlara yeni forma və mahiyyət vermişdir.
Açılış mərasimində Aleksandr Burqanovun həmyerlilərinə müraciət çarxı nümayiş etdirilmişdir.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasında mədəni əlaqələrdən danışaraq bildirmişdir ki, Rusiya incəsənətinin Azərbaycan incəsənətinə təsiri hamıya məlumdur. Lakin bu gün əks proses - Azərbaycan xalçaçılıq sənətinin Rusiyada bu sahəyə təsiri müşahidə olunur. Burada Azərbaycan xalçasının fəlsəfəsi və məntiqi başqa səviyyədə nümayiş olunur.
Xalq rəssamı Tahir Salahov yaradıcılıqlarında Qərb ilə Şərqi birləşdirən ata və oğul Burqanovların əsərlərindən danışmışdır.
Ekspozisiyanın müəllifi İqor Burqanov sərginin ərsəyə gəlməsinə dəstək olmuş Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə, sərgidəki xalçaları onun eskizləri əsasında toxumuş Gəncə xalçaçılarına təşəkkürünü bildirmişdir. Sərgidə “Həyat eşqi”, “Planetlərin düzülüşü”, “Musiqi”, “Payız mənzərələri”, “Yol”, “Günəşli payız günü” qobelenləri nümayiş etdirilir.
Sərgiyə gələnlərə İ.Burqanovun yaradıcılığı haqqında kataloqlar və kitablar təqdim edilmişdir.