SİYASƏT
Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniyadan geniş nümayəndə heyəti iştirak edəcəkdir
Əmman, 8 aprel (AZƏRTAC). İordaniya Senatının sədri Əbdürrauf Ravabdeh ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov arasında görüş keçirilmişdir.
Görüş barədə İordaniya mətbuatında, o cümlədən “The Jordan Times” qəzetində “İordaniya II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak edəcək” və “Əl-Dustur” qəzetində “Ravabdeh Cənubi Qafqaz Forumunun baş katibi ilə görüşmüşdür” sərlövhəli məqalələr dərc edilmişdir.
Məqalələrdə bildirilir ki, cari il aprelin 7-də İordaniya Senatının sədri Əbdürrauf Ravabdeh Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov ilə görüşmüşdür. Görüşdə Azərbaycanın İordaniyadakı səfiri S.Ağabəyov, İordaniya-Azərbaycan Qardaşlıq Komitəsinin üzvləri və s. şəxslər iştirak etmişlər.
Görüş çərçivəsində R.Muradov aprelin 28-29-da Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, İsgəndəriyyə Kitabxanası, Dünya İncəsənət və Elmlər Akademiyası və Roma Klubunun dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən birgə keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə dəvət məktublarını Ə.Ravabdehə və Senatın digər üzvlərinə təqdim etmişdir. Ə.Ravabdeh dəvəti məmnunluqla qəbul edərək, II Qlobal Müştərək Cəmiyyətlər Forumunda İordaniyadan geniş nümayəndə heyətinin iştirak edəcəyini bildirmişdir.
Yazılarda qeyd edilir ki, görüş əsnasında R.Muradov II Qlobal Müştərək Cəmiyyətlər Forumu haqqında qarşı tərəfi məlumatlandırmış, tədbir çərçivəsində müzakirə ediləcək mövzular haqqında ətraflı məlumat vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman