İQTİSADİYYAT
Bakıda keçirilən beynəlxalq mebel, ev parçaları və ev əşyaları sərgisi başa çatıb
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı Sərgi Mərkəzində “DecorExpo”- Beynəlxalq mebel, ev parçaları və ev əşyaları sərgisi başa çatıb.
AZƏRTAC xəbər verir ki, “Atılım Fuarcılık” və “ElanExpo”-nun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan, Türkiyə, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Koreya və digər ölkələrdən 70‐dən artıq şirkətin nümayəndələri iştirak edib.
“Atılım Fuarcılık” üzrə baş müdir Səlim Şahi bildirib ki, 100-dən çox iştirakçının qatıldığı sərginin Azərbaycanda ilk dəfə və yüksək səviyyədə keçirilməsi bu ölkənin inkişafından xəbər verir. Beynəlxalq sərgiyə Azərbaycan iş adamları tərəfindən böyük maraq olduğunu müşahidə etdik. Bu çox sevindirici haldır.
Tədbirdə Türkiyədən “Alfemo Mobilya”, “Yağmur Mobilya” və “İmparator Mobilya”; İtaliyadan “Italserramanti BEE‐den Al Aqili Furnishings”, Koreyadan “Win Win Chairmeister”, Azərbaycandan “My Mebel”, “Saloğlu Mobilya”, “Azratan collection” və s. şirkətlər təmsil olunub.
Hər cür mebel və aksessuarlar, dekorasiya məhsulları, ev parçaları, bütün xalı növləri və digər məhsulların nümayiş edildiyi sərgidə dünya brendlərinin məhsullarının sərfəli qiymətlərlə satışı təşkil olunub. “DecorExpo” sərgisində Azərbaycan şirkətləri yeni səhmdarlar və kommersiya imkanları əldə ediblər.
Mayın 1-2-də iştirakçılar arasında lotereya oynanılıb və qalib şəxs Türkiyəyə iki nəfərlik bilet qazanıb.