MƏDƏNİYYƏT
Bakıda keçirilən V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində növbəti konsert olmuşdur
Bakı, 5 dekabr (AZƏRTAC). Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı ilə reallaşan V Beynəlxalq Mstislav Rostropoviç festivalı çərçivəsində dekabrın 5-da Heydər Əliyev Sarayında növbəti konsert olmuşdur.
AZƏRTAC xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, mədəniyyət və incəsənət xadimlərinin, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin təmsilçilərinin iştirak etdikləri konsertdə Dmitri Yurovskinin bədii rəhbərliyi və baş dirijorluğu ilə Flamand Operasının Simfonik Orkestrinin ifasında M.Bruxun və P.Çaykovskinin əsərləri səslənmişdir.
Solist SSRİ Xalq Artisti, M.Qlinka adına Dövlət mükafatı laureatı Viktor Tretyakov (violin) olmuşdur.
1988-ci ildə Antverpen və Gent teatrlarının bazasında yaradılmış Flamand Operası hökumətdən maddi dəstək alan yeganə opera truppasıdır. Onun ən uğurlu layihələrindən “Motsart – da Ponte”, “Nibelunqlar üzüyü” silsiləsini qeyd etmək olar. Hazırda operaya Aviel Kann rəhbərlik edir. Simfonik orkestrin baş dirijoru vəzifəsinə Dmitri Yurovskinin və baş xormeysteri Yanis Puspurikanın təyin olunmasından sonra kollektivin tarixində yeni yaradıcılıq mərhələsi başlamışdır. “XXI əsrin operası” festivalının təşkilatçılarından olan Flamand Operası “Samson və Dalila”, “Yason” və “Semiramida” operalarının, həmçinin “Stabat Mater”in CD və DVD yazılarını buraxmağı planlaşdırır.
Tənqidçilərin fikrincə, D.Yurovski bəstəkarların ən gizli fikirlərini ifadə etmək bacarığına malikdir. Moskvada dünyaya gəlmiş D.Yurovski ilk təhsilini orada, Berlində, Rostok şəhərlərində almış, X.Aysler Musiqi Akademiyasında dirijorluq sənətinə yiyələnmişdir. Onun ən yaxşı işləri sırasında L.Bethovenin ikinci və yeddinci simfoniyaları ilə “Teatro Komunale”də (Bolonya) çıxışı, O.Respigi, N.Rota, P.Hindemit və A.A.Kezellanın əsərlərinin ifası, həmçinin Toskanini orkestri ilə çıxışı qeyd oluna bilər. D.Yurovskinin dirijorluğu ilə “Mazepa” operasının premyerası keçirilmiş, R.Çaykovskinin “Yevgeni Onegin”, “Çarodeyka”, J.Massnenin “İrodiuada”, C.Verdinin “Aida” operaları səhnələşdirilmişdir.
Rus violin məktəbinin parlaq simalarından olan Viktor Tretyakov həm solist, həm də ansamblların tərkibində beynəlxalq festivallarda çıxış edir. Repertuarının əsasını XIX əsr violin konsertləri təşkil edir. Onun D.Şostakoviç və S.Prokofyevin əsərlərinin interpretasiyası nümunəvi hesab olunur. V.Tretyakov konsert çıxışları ilə yanaşı, pedaqoji və ictimai fəaliyyətlə də məşğuldur. Moskva Dövlət konservatoriyasının və Köln Ali Musiqi Məktəbinin professorudur.
Konsert çox böyük maraqla qarşılanmışdır.
Festival dekabrın 10-dək davam edəcəkdir.