REGİONLAR
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 28 mart (AZƏRTAC). Martın 26-27-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada iki gün ərzində alıcılara Sabirabad, Gədəbəy, Zərdab, Hacıqabul və digər rayonlardan gətirilmiş 23 tondan çox məhsul satılmışdır.
Paytaxt sakinləri bazarlardakından 25-30 faiz ucuz təklif olunan təzə və keyfiyyətli məhsulları həvəslə almışlar.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada şənbə və bazar günləri Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından gətirilmiş 78,7 ton meyvə-tərəvəz, ət, balıq satılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində şənbə və bazar günləri satışa Samux, Daşkəsən, Quba, Biləsuvar və Cəlilabad rayonlarından gətirilmiş 25,1 ton məhsul çıxarılmışdır. Bazarlarla müqayisədə bütün məhsullar 25-30 faiz ucuz təklif olunmuşdur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılmış, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada istirahət günləri Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 167 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılmışdır.
Şəhər sakinləri yarmarkada bazarlıq etməyin sərfəli olduğunu bildirmişlər.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada şənbə və bazar günləri Ağstafa, Bərdə, Goranboy və Siyəzəndən gətirilmiş 20 tondan çox meyvə-tərəvəz, bostan məhsulları satılmışdır. Fermerlər almanı, kartofu, narı, kökü, fındığı, qozu və digər məhsulları bazardakından ucuz qiymətlərə təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan rayonlarının fermerləri 26,6 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikinin nümayəndələri 10 min ədəd yumurta satmışlar.
Həmişəkindən fərqli olaraq, tərəvəz məhsulları daha çox alınmışdır.
Yarmarkada almanın kiloqramı 50, kələm, kartof, boranı, xirnik 70, soğan, yerkökü 80, bibər 20, çuğundur 60 qəpiyə, xiyar 1 manat 30 qəpiyə, pomidor 1 manat 20 qəpiyə, badımcan 2 manata, mal əti 4 manat 50 qəpiyə, qoyun əti 5 manata, toyuq əti 3 manata təklif olunmuşdur.