MƏDƏNİYYƏT
Bakıda “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində üçüncü statistika seminarı işə başlamışdır
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da BMT-nin Dünya Turizm Təşkilatının dəstəyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda “MDB ölkələri və Gürcüstan üçün turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində üçüncü (sonuncu) statistika seminarı öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, 2011-ci il martın 23-də imzalanmış müvafiq sazişə əsasən, 2011-ci və 2012-ci illərdə aidiyyəti üzrə birinci və ikinci seminarlar Bakıda keçirilmişdir.
Seminarın açılış sessiyasında Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin seminar iştirakçılarına ünvanlanmış videoçarxı nümayiş etdirilmişdir. Baş katib Azərbaycanın öhdəsinə götürdüyü proqramın və bugünkü yekun seminarın ölkələrin milli turizm statistikasının öyrənilməsi baxımından vacib olduğunu bildirmişdir.
Taleb Rifai turizmin inkişafına stimul vermək baxımından bu seminarın çox önəmli olduğunu vurğulamış və iştirakçılara uğurlar arzulamışdır.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov seminar iştirakçılarını salamlayaraq Azərbaycanda turizmin inkişafına göstərdikləri marağa görə onlara nazirlik adından minnətdarlığını bildirmişdir. O, statistika sahəsinin, dolğun və səlis statistikaların toplanmasının digər sahələr kimi, turizm sahəsi üçün də çox əhəmiyyətli olduğunu vurğulamışdır. Dəqiq statistikanın bir sıra problemlərin həlli üçün vacib bir sahə olduğunu demişdir.
Qeyd edilmişdir ki, planlaşdırmaq, konsepsiyaların və inkişaf proqramlarının hazırlanması və tətbiqi, turizm sahəsində əldə olunmuş nailiyyətlərin ölçülməsi, sahələr üzrə maliyyələşdirilmə strategiyasının qurulması və digər işlərin səmərəli təşkili tam şəkildə statistik məlumatların toplanması, təhlili və istifadəsindən asılıdır.
Nəzərə çatdırılmışdır ki, digər sahələrin statistik göstəricilərini əsas tutaraq turizm sahəsində fəaliyyəti planlaşdırmaq üçün turizm statistikası mühüm əhəmiyyət kəsb edir. Məsələn, infrastrukturun inkişafı, yol inşaatı və təmiri, nəqliyyat və s. iqtisadi göstəricilər bilavasitə turizmin inkişaf planlarına təsir göstərir. Bu səbəbdən təkcə turizm üzrə deyil, digər sahələrdə də statistik məlumatların toplanması vacibdir.
Qeyd edilmişdir ki, belə seminarlar beynəlxalq təcrübəni öyrənmək üçün bir vasitədir.
Vurğulanmışdır ki, respublikamızda statistika üzrə beynəlxalq təcrübəli mütəxəssislərin sayının artması bu sahədə yeni ideyaların və yanaşmaların yaranmasına səbəb olacaqdır.
Statistika seminarına marağın tədricən artdığı, 2011-ci ilin seminarında 19, 2012-ci ildə 22, builki seminarda isə iştirakçıların sayının 23 nəfərə çatdığı bildirilmişdir.
Seminarda Azərbaycan, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Belarusun təmsil olunduğu diqqətə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, digər sahələr və layihələr üzrə Dünya Turizm Təşkilatı və sözügedən ölkələrlə əməkdaşlıq genişləndirilməli və seminarlara yeni ölkələr cəlb olunmalıdır.
Azərbaycan və Dünya Turizm Təşkilatının bir neçə layihə çərçivəsində birgə çalışdıqları vurğulanaraq ölkəmizin hər bir tərəf ilə əməkdaşlıq prinsiplərinə sadiq qaldığı və ikitərəfli münasibətlər çərçivəsində burada iştirak edən hər bir ölkə ilə əməkdaşlığa hazır olduğu vurğulanmışdır.
Nəzərə çatdırılmışdır ki, ümumiyyətlə, turizm sahəsində postsovet məkanının müstəqil dövlətləri ilə əlaqələrin bərpası və genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətdir. Çünki digər ölkələrdən fərqli olaraq bu ölkələr arasında viza, hava nəqliyyatı və dil problemi yoxdur. Eyni zamanda, mədəni, humanitar və s. sahələrdə əlaqələr davamlı inkişaf edir.
Bu gün başlanan seminarın qarşıya qoyulan sualların cavabını özündə əks etdirəcəyi söylənilmişdir.
Dünya Turizm Təşkilatının Avropa üzrə direktoru xanım İzabel Qaranya Azərbaycanın turizm sahəsinə mühüm əhəmiyyət verdiyini və artıq ölkəmizin turizm məkanına çevrildiyini bildirmişdir.
Direktor Azərbaycanda bir çox layihələr həyata keçirdiklərini diqqətə çatdırmış, bunlara misal olaraq Şahdağ Qış-Yay Turizm Kompleksini göstərmişdir. Qeyd etmişdir ki, turizmin səviyyəsinin ölçülməsi bu sahəyə nəzarət və digər iqtisadi sektor ilə müqayisə etməyə imkan verir.
Seminarın təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən İzabel Qaranya bu seminarın ölkələrdə turizm statistikasının göstəricilərinin yaxşılaşdırılması baxımından faydalı olacağını qeyd etmişdir.
Seminarda Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Xidmətinin, həmçinin təmsil olunan ölkələrin aidiyyəti qurumlarının nümayəndələri və ekspertlər iştirak edirlər.
İyunun 12-dək seminar öz işini sessiyalarla davam etdirəcəkdir.