MƏDƏNİYYƏT
Bakıda mərhum rejissor-rəssamın xatirə sərgisi açılmışdır
Bakı, 5 iyul (AZƏRTAC). “Art Villa” qalereyasında mərhum rejissor-rəssam Nazim Məmmədovun xatirə sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, sərgi “Art Councıl Azerbaijan” təşkilatı tərəfindən Nazim Məmmədovun doğum günü münasibətilə təşkil olunmuşdur.
Tədbirdə çıxış edənlər Nazim Məmmədovun ömür yolundan və zəngin yaradıcılığından söz açmışlar.
Bildirilmişdir ki, N.Məmmədov uzun illər kinostudiyada çalışmış və qabaqcıl multiplikatorlardan biri olmuşdur. Bununla yanaşı, o, həmçinin uşaq kitabları üzərində də işləmişdir. Onun Xocalı faciəsinə həsr edilmiş çox sayda əsərləri vardır.
Diqqətə çatdırılmışdır ki, 1934-cü ildə Bakıda anadan olan N.Məmmədov 1957-ci ildə Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirmişdir. 1961-ci ildə Moskvada “Soyuzmultfilm”də rəssam-multiplikator üzrə kurs bitirmişdir. Həmin ildən də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor-multiplikator vəzifəsində çalışmışdır. O, ilk dəfə 1988-ci ildə respublikada beşhissəli “Göyçək Fatma” cizgi film-operasını yaratmışdır. 1995-ci ildə “Avanqard” adlı ilk fərdi sərgisi baş tutmuşdur.
Nazim Məmmədov 2004-cü ildə oktyabrın 29-da Bakıda vəfat etmişdir.
Sərgidə rəssamın 30 yaxın rəngkarlıq əsərləri ilə yanaşı, animasiya filmləri də nümayiş olunmuşdur.