CƏMİYYƏT
Bakıda uşaqlar üçün yeni Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb VİDEO
![](/files/galleryphoto/2024/2/1200x630/17168245051560915687_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245055713648945_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245053200642943_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245056498461251_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1716824505617005707_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245051253539998_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245052733827248_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17168245051874815691_1200x630.jpg)
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Bakı şəhərində yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Paytaxtın Yasamal rayonunda, Həsənbəy Zərdabi prospekti 87A ünvanında yerləşən Mərkəzdə sosial işçi, psixoloq, loqoped, sosial-pedaqoq, aktiv terapevt və digər mütəxəssislər tərəfindən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə reabilitasiya xidmətləri göstəriləcək.
AZƏRTAC xəbər verir ki, mərkəzin açılışında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov və Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirak ediblər.
V.Behbudov həssas qruplardan olan şəxslərə göstərilən reabilitasiyayönümlü sosial xidmətlərdən bəhs edib. Həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin səyyar, stasionar və yarımstasionar formada sosial xidmətlərlə təmin edildikləri bildirilib. Sosial xidmətlərin əhatə dairəsinin daim genişləndirildiyini vurğulanıb.
E.Həsənov belə bir Mərkəzin fəaliyyətə başlamasının həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərə əlçatanlığının təmin olunmasında önəmli addım olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Abşeron rayonunda, Bakının Sabunçu və Nərimanov rayonlarında da İxtisaslaşmış Sosial Xidmət Mərkəzləri açılıb. Həmin mərkəzlərdə əlilliyi olan 350-dən çox uşağın reabilitasiyası işləri aparılıb və hazırda 156 uşaq xidmətlərlə təmin edilir.
Yeni İxtisaslaşmış Sosial Xidmət Mərkəzinin xidmətlərindən yarımstasionar formada əlilliyi olan uşaqlar faydalanacaq. Agentliyin mütəxəssisləri tərəfindən onlara psixoloji, pedaqoji, loqopedik və aktiv terapiya xidmətləri göstəriləcək.
Uşaqlar üçün fərdi və qrup şəklində sosial-reabilitasiya xidmətləri də təşkil ediləcək, valideynləri müvafiq təlimlərə cəlb olunacaq. Ay ərzində 60-a yaxın uşağa xidmət göstərəcək Mərkəz uşaqlara keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün xüsusi avadanlıq və ləvazimatlarla da təchiz edilib.