MƏDƏNİYYƏT
Bakıdakı Rus evində “Müharibənin simaları. Stalinqrad döyüşü” adlı fotosərgi açılıb
Bakı, 4 fevral, AZƏRTAC
Bakıdakı Rus evində “Müharibənin simaları. Stalinqrad döyüşü” adlı fotosərgi açılıb. Böyük Vətən müharibəsində (1941-1945) ən mühüm və ən şiddətli döyüşün 79-cu ildönümünə həsr olunan fotosərgi “образывойны.рф” portalında dərc edilən fotomateriallardan hazırlanıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov açaraq, Böyük Vətən müharibəsi barədə düzgün məlumatların çatdırılmasının vacibliyini qeyd edib. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin müşaviri İqor Yeronin belə tədbirlərin keçirilməsinin zəruriliyi və mühümlüyünü vurğulayıb. RF Federal Məclisinin Dövlət Dumasının deputatı Aleksey Volotskov və “Stalinqrad döyüşü” muzey-qoruğunun direktoru Aleksey Dementyev videomüraciətlə çıxış ediblər. Volqoqrad təmsilçiləri Böyük Vətən müharibəsində Qələbəyə Azərbaycanın verdiyi misilsiz töhfəni vurğulayıblar.
Tədbirin sonunda istedadlı musiqiçi, vokalçı, bəstəkar Qasım Xəlilov çıxış edib.
Böyük Vətən müharibəsi dövrünün unikal fotoşəkilləri əsasında hazırlanan “Müharibənin simaları” layihəsi Rusiya Hərbi-Tarixi Cəmiyyəti, Rusiya Dövlət Kinofotosənədlər Arxivi, ROSFOTO, Multimedia Art Muzeyi, Rusiya Mədəniyyət Fondu, TASS agentliyi, Rusiya Tarix Cəmiyyəti, “Rossotrudniçestvo” və Qələbə Muzeyi ilə birgə təşkil olunub.