ELM VƏ TƏHSİL
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yeni dərs ilinə hazırlaşır
Məlum olduğu kimi, RİMM-də rus dili tədris-metodiki mərkəzi və uşaq yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Bu qurumlar müxtəlif yaş kateqoriyaları üçün rus dili kurslarını, “Doşkolyonok” və “Poçemuçka” birinci sinfə qəbula hazırlıq kurslarını birləşdirir.
Xoreoqrafiya və bədii studiya, eləcə də aktyor məharəti və rəsm studiyalarına böyük tələbat var. Ötən il “Angeloçki” (“Mələklər”) uşaq mahnı ansamblı yaradılıb.
Burada məşğələləri təcrübəli pedaqoqlar aparırlar. Keçən il RİMM nəzdindəki studiya və siniflərdə 250-dən çox dinləyici məşğul olub.
RİMM-in nəzdində tələbələri və yuxarı sinif şagirdlərini birləşdirən “Sozvezdiye” gənclərin yaradıcılıq mərkəzi fəaliyyət göstərir.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərs otaqlarında və zallarda təmir işləri başa çatmaqdadır. RİMM-in həyətində “açıq səma altında” tədris sinfi yenidən yaradılıb. Burada Moskvanın və Bakının böyük panoramlı mənzərələri, A.S.Puşkinin Bakıdakı, M.V.Lomonosovun Moskvadakı heykəllərinin fotoşəkilləri asılıb.
İndi RİMM-ə gələnlər bu şəkillər vasitəsilə Moskvanın və Bakının görməli yerləri ilə tanış ola bilərlər.
Yay məzuniyyətləri və tətillər başa çatdığı üçün valideynlər, şagirdlər onları maraqlandıran kursları, sinifləri seçmək və yazılmaq üçün hər gün RİMM-ə gəlirlər.
Təhsilin qaydaları və şərtləri haqqında ətraflı məlumatı (+994) 12 496- 45-00, (+994) 12 496-48-00 nömrəli telefonlar vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına məktub yazmaqla əldə etmək olar.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin ünvanı: Bakı şəhəri, Xocalı prospekti, 20 (1178-ci məhəllə), “Xətai” metro stansiyasının yaxınlığında.