CƏMİYYƏT
Baş Prokurorluq erkən nikah halları ilə əlaqədar əhaliyə videomüraciət ünvanlayıb
Bakı, 16 fevral, AZƏRTAC
Prokurorluq orqanları dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşyönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların və slaydların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması ənənəsi davam etdirilir.
Bu həştəq altında təqdim olunan növbəti videoçarxda erkən nikahlar barədə vətəndaşlara müraciət edilib. Videoçarxda bildirilib ki, görülmüş tədbirlərə baxmayaraq, ölkəmizdə qızların təhsildən yayındırılaraq erkən yaşda ərə verilməsi hələ də problem olaraq qalmaqdadır. Erkən nikahlar əksər hallarda ailələrdə münaqişələrə, boşanmalara, anadangəlmə qüsurlu uşaqların doğulmasına və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Ailə Məcəlləsinin 10-cu maddəsində qadınların nikaha daxil olması üçün yaş həddi 18 olaraq müəyyən edilib. Yetkinlik yaşına çatmayan qızların məcburən nikaha daxilolma halı uşağa qarşı törədilən zorakılıqdır.
“Bu kimi neqativ halların artmaması, qarşısının alınması hər birimizin əlindədir. Erkən nikah halları ilə üzləşdikdə dərhal 961 – Çağrı Mərkəzi və ya Baş Prokurorluğun sosial şəbəkələrdəki hesabları vasitəsilə müraciət edin”, - deyə Baş Prokurorluğun videomüraciətində bildirilib.