ELM VƏ TƏHSİL
BDU-nun məzunları olan Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib
Bakı, 14 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin əməkdaşları tərəfindən fakültənin məzunları olan Vətən müharibəsi şəhidləri Şəhriyar Həbibinin Lənkəranın Osaküçə, Fikrət Zeynallının Tovuzun Aşağı Öysüzlü kəndlərində məzarları ziyarət olunub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Fakültənin müəllimləri Şəhriyar Həbibi və Fikrət Zeynallı barədə xatirələrini bölüşüb, şəhid məzunların xatirəsinin həmişə əziz tutulduğunu vurğulayıblar. Sonra fakültə əməkdaşları Osaküçə kəndinin mərkəzində Şəhriyar Həbibinin xatirəsinə ucaldılan abidəni, Aşağı Öysüzlü kəndində isə Fikrət bulağını ziyarət edib, şəhidlərin ailələri ilə görüşüblər.
Şəhriyar Həbibi 2010-2014-cü illərdə Fizika fakültəsində təhsil alıb. O, hərbi xidmətdə olduğu dövrdə Aprel döyüşlərində iştirak edib, Vətən müharibəsində Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının azad edilməsində şücaət göstərib, 2020-ci il noyabrın 6-da şəhidlik zirvəsinə ucalıb. Şəhriyar Həbibi “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Fikrət Zeynallı 2012-2016-cı illərdə Fizika fakültəsində təhsil alıb. O, Vətən müharibəsində Şuşa və Xocavəndin azadlığı uğrunda düşmənə qarşı gedən döyüşlərdə iştirak edib, 2020-ci il noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Fikrət Zeynallı “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.