İQTİSADİYYAT
Bərdə rayonunun Alaçadırlı qəsəbəsinə təbii qaz verilmişdir
Bərdə, 28 fevral (AZƏRTAC). Bərdə rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Alaçadırlı qəsəbəsinə təbii qaz verilmişdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışlar. Bildirilmişdir ki, Bərdə şəhərinin qazlaşdırılması başa çatdırılmış, 46 yaşayış məntəqəsi “mavi yanacaq”la təmin olunmuşdur. Hazırda rayonun 14 kəndində qaz çəkilişi aparılır, Qaradəmirçi kəndi ərazisində yeni avtomatik qaztənzimləyici stansiya quraşdırılır. 2013-cü ilin sonunadək rayonun bütün kəndlərinin qazlaşdırılması nəzərdə tutulur.
Qeyd olunmuşdur ki, Alaçadırlı qəsəbəsinin qazlaşdırılması üçün 14 min metr müxtəlif diametrli qaz xətti çəkilmiş, 278 evə fərdi qaz sayğacı quraşdırılaraq “mavi yanacaq” verilmişdir. Abonentlərin təhlükəsizliyini təmin etmək üçün qaz xətləri möhkəmliyə və kipliyə görə yoxlanılmışdır.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılmışdır.