CƏMİYYƏT
Bərdədə gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib
![Bərdədə gənclərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib](/files/2022/2/1200x630/16549476513104363909_1200x630.jpg)
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsi, Bərdə Rayon Gənclər və İdman İdarəsi, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə DQİDK-nin nümayəndəsi Vüqar Verdiyev, Gənclər və İdman İdarəsinin əməkdaşı Aydın Qasımov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin təmsilçisi Orxan Fəxrəddinov və fəal gənclər iştirak ediblər.
Tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda öz canlarından keçərək şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Bildirilib ki, Azərbaycan dövləti gələcəyimiz olan yeniyetmə nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır. Gənclərimizin milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ruhunda tərbiyə edilmələri, onların vətənpərvər gənclər kimi formalaşmaları olduqca əhəmiyyətlidir. 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi igidliklərdən də danışan tədbir iştirakçıları bu Qələbənin yeniyetmə nəslimizin tərbiyəsində böyük rol oynadığını bildiriblər. Eyni zamanda, gənclərin, yeniyetmələrin vətənpərvərlik ruhunda yetişməsində ailənin, cəmiyyətin danılmaz rolundan, onların zərərli vərdişlərdən və radikal dini təsirlərdən qorunmasının vacibliyindən, bu istiqamətdə dövlətin keçirdiyi tədbirlərdən söhbət açılıb.
Sonda mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.