İQTİSADİYYAT
Beyləqanda sosial-iqtisadi inkişaf davam edir
Beyləqan, 28 fevral (AZƏRTAC). 2012-ci ildə Beyləqan rayonunun sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmuş, dinamik inkişaf davam etdirilmişdir. Bu dövrdə istehsal olunmuş məhsulların və əhaliyə göstərilən xidmətlərin həcmi 155,4 milyon manat təşkil etmişdir. Bu, 2011-ci illə müqayisədə 25 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar Beyləqan rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilmişdir. Toplantıda daha sonra bildirilmişdir ki, ötən il genişmiqyaslı yenidənqurma, tikinti-abadlıq işləri aparılmış, rayonun mənzərəsi xeyli dəyişmişdir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuş, Əmirzeyidli kəndində 180, Aşağı Çəmənli kəndində 220 şagird yerlik orta məktəb binaları istifadəyə verilmiş, 3 nömrəli Dünyamalılar, Sarısu və 6 nömrəli şəhər məktəblərində tikinti işləri davam etdirilmişdir. İl ərzində rayonun Əlinəzərli, Orta Əlinəzərli, Birinci Aşıqlı, İkinci Aşıqlı, Eyvazalılar, Tatalılar, Təzəkənd kəndlərinə təbii qaz verilmiş, Kəbirli, Örənqala, Xaçınabad, Günəşli, Yuxarı Kəbirli və Baharabad yaşayış məntəqələrinə qaz xətlərinin çəkilişinə başlanılmışdır.
Hesabat dövründə rayonda 6200 hektar sahədə kompleks meliorativ tədbirlərin icrasına başlanılmış, 40 kilometr uzunluqda yeni kollektor-dren şəbəkəsi çəkilmişdir. Torpaqların meliorasiyası, süxur sularının səviyyəsinin aşağı salınması və əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 122 kilometr uzunluqda kollektor-dren şəbəkəsi, 452,4 kilometr uzunluqda suvarma kanalları və təsərrüfatdaxili arxlar lildən təmizlənmiş, 5 drenaj şəbəkəsi, 63 keçid qurğusu təmir olunmuşdur.
Məruzə və çıxışlarda 2012-ci ildə görülən işlər ətraflı təhlil edilmiş, uğurlarla yanaşı, problemlər də sadalanmış, onların həlli üçün təkliflər irəli sürülmüşdür.
Prezident Administrasiyasının məsul işçisi Pənah Cahangirov və Milli Məclisin deputatı Çingiz Qənizadə çıxış edərək 2012-ci ildə respublikamızın qazandığı uğurlardan danışmış, qarşıda duran vəzifələri qeyd etmiş, tövsiyələrini bildirmişlər.