ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda azərbaycanlı alimin məruzəsi maraqla qarşılanıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin şöbə rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Təmraz Təmrazov Türkiyənin Kənd Təsərrüfatı Tədqiqatlar İnstitutunun və Südçü İmam Universitetinin təşkilatçılığı ilə bu ilin sentyabrında Kahramanmaraş şəhərində "IV torpaq və su resursları " mövzusunda keçirilən konfransda iştirak edib.
Elmi İnnovasiyalar Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, konfransda azərbaycanlı alimin "Torpaq quraqlığı nəticəsində müxtəlif buğda genotiplərinin assimliyasiya sahəsinin formalaşması" mövzusunda məruzəsi maraqla qarşılanıb, o sertifikata layiq görülüb.
Beynəlxalq konfransda torpağın istifadəsi, idarə edilməsi, mühafizəsi, bitkilərin torpaqdan qidalanması, məhsuldarlığı, inteqrasiya edilmiş su resurslarının idarə olunması, tullantı suların kənd təsərrüfatında yenidən istifadəsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.