CƏMİYYƏT
Beynəlxalq Miqrasiya Təşkilatının BMT-nin İnkişaf Proqramı ilə birgə hazırladığı hesabatın təqdimatı olmuşdur
Bakı, 27 iyun (AZƏRTAC). İyunun 27-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) BMT-nin İnkişaf Proqramı (BMTİP) ilə birgə hazırladığı “Azərbaycandan kənarda yaşayan vətəndaşlar və onların ailə üzvləri” haqqında hesabatın təqdimatı olmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek çıxış edərək insanlar arasında bərabər dayanıqlı inkişafın, xüsusilə də onların informasiya-kommunikasiya texnologiyalarının imkanlarından səmərəli istifadə etmələrinin vacibliyini vurğulamışdır.
Hazırda dünyanın bəzi ölkələrində insan alveri, qeyri-qanuni miqrasiya ilə bağlı mövcud durumdan narahatlığını bildirən A.Broek Azərbaycanda bununla bağlı həyata keçirilən mübarizə tədbirlərini yüksək qiymətləndirmişdir. O, media qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində birgə uğurlara nail olunacağına əminliyini ifadə etmişdir.
A.Broek yoxsulluq, gender balansı, uşaq hüquqları, təhsil, səhiyyə və ətraf mühitin dayanıqlı inkişaf üçün diqqət yetirilməli əsas məsələlərdən olduğunu qeyd etmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxışında qadınların cəmiyyətdəki rolundan danışmışdır. Qeyd edilmişdir ki, Azərbaycan rəhbərliyi qadınların ictimai-siyasi həyatda rolunun artırılmasına hər zaman xüsusi diqqət ayırır.
BMqT-nin Azərbaycandakı məsul nümayəndəsi Sərhan Aktorpak bildirmişdir ki, hesabatın məqsədi hüquqi yardım üsullarından istifadə etməklə maarifləndirmə işində hüquqi dəstək mexanizmini təkmilləşdirməkdir. Bildirilmişdir ki, Azərbaycan və ingilis dillərində təqdim olunan hesabat müvafiq hədəf qruplarının vəziyyətini faktlar əsasında nümayiş etdirir. Həmçinin ehtiyacı olan əlaqədar insanların yaşayış şəraitinə təsir edən problemlərin təxirəsalınmaz və praktiki həlli istiqamətində istifadə edilə biləcək hüquqi yardım vasitələrini özündə əks etdirir.
Qeyd edilmişdir ki, tədbirin məqsədlərindən biri də media nümayəndələrini dünyada miqrasiya ilə bağlı tədqiqat aparan beynəlxalq təşkilat haqqında və eyni zamanda, qurumun Azərbaycandakı fəaliyyəti barədə məlumatlandırmaqdır.