CƏMİYYƏT
Beynəlxalq Qızıl Xaç Komitəsi Bakıda və Goranboyda tədbirlər keçirmişdir
Bakı, 30 avqust (AZƏRTAC). Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 30 avqust - Beynəlxalq İtkinlər Günü münasibətilə Bakıda və Goranboyda tədbirlər keçirmişdir.
BQXK-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirlərdə itkin düşmüş şəxslərin ailə üzvləri, hökumət və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirlərdə, həmçinin itkin düşmüş şəxslərin ailə üzvlərinin müəllifi olduqları şeir və hekayələr kitabının təqdimatı keçirilmişdir.
Bakıda keçirilən mərasimdə BQXK-nın Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə əməliyyatlar rəhbəri Loran Korba ailələrin itkin düşmüş əzizlərinin taleləri haqqında məlumat əldə etmək hüquqlarını vurğulamışdır. O, beynəlxalq humanitar hüquq üzrə öhdəliklərini həyata keçirən hökumət orqanlarına BQXK tərəfindən dəstəyin davam etdiriləcəyini demişdir.
Bildirilmişdir ki, BQXK bütün dünyada münaqişələrin ayırdığı on minlərlə ailələrə kömək etmək üçün itkin düşmüş insanların problemi üzrə işini davam etdirir. Bu beynəlxalq təşkilat silahlı münaqişələrdə iştirak edən bütün tərəfləri itkin düşmüşlərin talelərinə aydınlıq gətirmək öhdəliklərinə əməl etmələrinə və insanların itkin düşməsinin qarşısını almağa təşviq edir.
Qeyd olunmuşdur ki, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar itkin düşmüş şəxslərin taleyi BQXK-nın regiondakı humanitar fəaliyyətinin əsas istiqamətidir. BQXK neytral vasitəçi kimi tərəflərə, atəşkəsin elan edilməsindən 19 il keçməsinə baxmayaraq, münaqişə ilə bağlı itkin düşmüş 4600-dən çox insanın taleyinin araşdırılmasına kömək edir.
BQXK son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin ailələrinə yardım göstərmək üçün proqram həyata keçirir. Əzizlərinin itkisindən ən çox əziyyət çəkənlər onlara ən yaxın ailə üzvləri, anaları, ataları və həyat yoldaşlarıdır.
BQXK itkin düşmüş şəxslərin ailələrindən sosial işçi (sirdaşlar) kimi könüllülər seçərək, onlarda digər ailələrə yardım göstərmək bacarığını inkişaf etdirir. Eyni vəziyyətdə olan ailələr yanaşmasını əsas tutaraq, həmin ailələrə yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə yardım edilir və ehtiyac olduqda ailələrin çoxtərəfli ehtiyacları qarşılamaq üçün onlar xidmət təmin edən müəssisələrə müşayiət edilir.
BQXK indiyədək Bakıda, Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarında 1000-dən artıq itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərmişdir. Ailələr müşayiət proqramında iştirak etdikdən sonra onların psixoloji durumlarında irəliləyişlər müşahidə edilmişdir. Başqa sözlə, psixoloji stress 34 faiz azalmış, itkinin öhdəsindən gəlmək bacarığı 14 faiz və gündəlik yaşam funksionallığı isə 19 faiz artmışdır.