ELM VƏ TƏHSİL
Bilik günündə Astara rayonunda altı yeni məktəb binasının açılışı olmuşdur
Astara, 17 sentyabr (AZƏRTAC). Bilik günündə Astara rayonunda yeni məktəb binalarının açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, rayonun Şuvi, Vaqo, Siyakü, Asxanakəran, Hamoşam kənd tam orta və Rudəkənar kənd ümumi orta məktəbinin kollektivləri yeni dərs ilində müasir üslubda tikilmiş məktəblərdə başlamışlar.
Yeni məktəb binalarının açılış mərasimlərində rayonun rəhbər işçiləri, akademik Südeyif İmamverdiyev, Milli Məclisin deputatı Aslan Cəfərov, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Çıxışlarda bildirilmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlər planı çərçivəsində inşa edilmiş məktəblərdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Son 10 ildə rayonda 30 yeni məktəb binası tikilmiş, 13 təhsil ocağı əsaslı təmir olunmuşdur. Hazırda 3 məktəbin tikintisi davam etdirilir.
Çıxış edənlər ölkəmizdə təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə və təhsil işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.