DÜNYA
Bill Qeyts “Ctr+Alt+Del” klavişlər kombinasiyasının proqramlaşdırılmasında səhvə yol verildiyini etiraf etmişdir
Bakı, 27 sentyabr (AZƏRTAC). Microsoft korporasiyasının həmtəsisçisi Bill Qeyts Windows sisteminə daxil olmaq və ya məsələlər dispetçerini işə salmaq üçün istifadəçiləri “Ctr+Alt+Del” klavişlər kombinasiyasını eyni vaxtda basmağa məcbur etməyin səhv qərar olmasını etiraf etmişdir.
Microsoft əvvəlcə bu işin yerinə yetirilməsi üçün cəmi bir klaviş ayrılmasını nəzərdə tuturdu, lakin Qeytsin sözlərinə görə, “İBM üçün klaviaturanı layihələşdirən oğlan onu bizə vermək istəmədi. Buna görə də biz klaviaturanı aşağı səviyyədə proqramlaşdırmalı olduq və bu səhv addımı atdıq”.
Harvard Universitetində verdiyi müsahibədə bu mövzuya toxunan Qeyts kənar proqramların Windows sisteminə daxil olmaq üsulunu saxtalaşdıra və bu sistemin parolunu oğurlaya bilməməsi üçün həmin düymələrin basılmasının zəruri olduğunu təsdiqləmişdir.
“Ctr+Alt+Del” klavişlər kombinasiyasını İBM firmasının mühəndiyi Devid Bredli fikirləşib tapmışdı. Əvvəlcə bu kombinasiya fərdi kompyuterin yenidən yüklənməsi üçün nəzərdə tutulmuşdu. Buna görə də bir-birindən aralı yerləşən həmin düymələr seçilmişdi ki, təsadüfən bir əl ilə onları sıxmaq mümkün olmasın.
Microsoft əməliyyat sisteminin erkən versiyalarında istifadə edilən bu kombinasiya hələ də mövcuddur. Belə ki, Windows-8 sistemində “Ctr+Alt+Del” düymələrinin eyni vaxtda sıxılması fərdi kompyuteri bloklamağa və ya məsələlər dispetçerini işə salmağa imkan verir.
Qeyts son vaxtlar sistemdə başqa səhvlər də olmasını etiraf etmişdir. Məsələn, bu ilin əvvəllərində Qeyts təəssüfləndiyini bildirmişdir ki, onun şirkəti mobil telefon bazarına daxil olmaq imkanından vaxtında istifadə etməmişdir. O demişdir: “Biz mobil telefonları nəzərdən qaçırmamışıq, lakin sizin seçdiyiniz strategiya üzündən biz lider ola bilməmişik”.