İDMAN
Binəqədi gəncləri Quba Milli Qolf Klubunda ekskursiya ediblər
Bakı, 9 avqust (AZƏRTAC). Binəqədi rayonundan olan gənclərin bir qrupunun Quba Milli Qolf Klubuna ekskursiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, ekskursiya çərçivəsində gənclər Milli Qolf Klubunda Azərbaycan Qolf Federasiyası və “European Challenge Tour”un təşkilatçılığı ilə ölkə tarixində idmanın bu növü üzrə ilk “Azerbaijan Open Challenge” turnirinin final müsabiqəsini izləyiblər.
Gənclərin diqqətinə çatdırılıb ki, “European Challenge Tour” hər il 42 ölkədə keçirilir. Bu ildən etibarən yarışın Azərbaycanda da keçirilməsi ənənə halını alacaq. Bu, gələcəkdə idmanın bu növünün Azərbaycanda inkişafına və yerli qolfçuların yetişməsinə böyük töhfə verəcək.
Tədbir çərçivəsində mütəxəssislər gənclərə qolfla bağlı ətraflı məlumat verib, oyunun qaydalarını izah ediblər.
Daha sonra Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, rayonun Gənclər və İdman İdarəsi tərəfindən Qubanın Qəçrəş kəndində gənclər üçün açıq havada düşərgə təşkil olunub.
Düşərgədə gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif əyləncəli və intellektual oyunlar keçirilib.