İDMAN
Binəqədi rayonunda keçirilən şahmat dərsləri yekunlaşıb
Bakı, 9 avqust (AZƏRTAC). Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən şahmat dərslərinin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirilib ki, fiziki güc tələb edən idman növləri ilə yanaşı, şahmata da yeniyetmə və gənclər arasında maraq gündən günə artmaqdadır. Məhz bu amil nəzərə alınaraq rayon gəncləri üçün şahmat dərsləri təşkil olunub. Məqsəd “Təmiz Binəqədi” layihəsi çərçivəsində və “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın rayonda icrası istiqamətində gənclərin asudə vaxtının səmərəli təşkili və onlar arasında şahmatın inkişaf etdirilməsidir. Q.Bayramov bundan sonra da gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılacağını diqqətə çatdırıb.
YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov da şahmat dərslərinin gənclərin inkişafında əhəmiyyətini vurğulayıb.
Sonra tədbir gənc şahmatçıların oyunları ilə davam etdirilib.