CƏMİYYƏT
Binəqədi rayonunda Silahlı Qüvvələr Günü qeyd olunmuşdur
Bakı, 27 iyun (AZƏRTAC). Binəqədi rayonunda 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir. Rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə keçirilən tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Hərbi hissənin komandiri Vasif Ələkbərov Milli Ordunun yaranma tarixi və keçdiyi şərəfli yoldan, ordu quruculuğuna göstərilən dövlət qayğısından danışmışdır.
Hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibətilə təbrik edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxışında müasir milli ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biri adlandırmışdır. O, Heydər Əliyevin milli ordu, silahlı qüvvələr haqqında müdrik kəlamlarını səsləndirmişdir. Vurğulanmışdır ki, Ulu Öndər SSRİ dövründə Azərbaycana rəhbərliyi zamanı da ölkəmizin ordu quruculuğu işində yaxından iştirakını təmin etmiş və həmin dövrdə formalaşan peşəkar kadrlar müstəqil Azərbaycanın Milli Ordusunun yaranmasında baza rolunu oynamışdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən güclü ordusudur. Azərbaycan Ordusu həm qurudan, həm havadan, həm də dənizdən ölkənin və xalqın keşiyini çəkir. Vətənin, dövlətin keşiyini çəkmək nə qədər çətin və gərgin iş olsa da, əzmkarlıq tələb etsə də, eyni zamanda, müqəddəs missiyadır.
Hərbi hissənin xidmətdə fərqlənən qulluqçularının təltif olunduğu tədbir konsert proqramı ilə yekunlaşmışdır.