SİYASƏT
BMT Baş Məclisinin qərarı ilə avqustun 19-u Dünya Humanitar Yardım Günü kimi qeyd olunur
Bakı, 19 avqust (AZƏRTAC). Avqustun 19-u BMT Baş Məclisinin qərarı ilə Dünya Humanitar Yardım Günü kimi qeyd olunur.
Əsas məqsəd insan həyatını xilas etmək üçün çalışanları xatırlamaq və bu nəcib missiya uğrunda həyatlarını itirən humanitar yardım işçilərinin xatirəsini yad etməkdir. Bu günün təsis edilməsi 10 il əvvəl-2003-cü il avqustun 19-da İraqda BMT qərargahının bombalanması nəticəsində yardım işçilərinin həlak olması ilə bağlıdır.
BMT-nin baş katibi Pan Gi Munun Dünya Humanitar Yardım Günü münasibətlə müraciətində deyilir ki, biz humanitar təşkilat əməkdaşlarının dünyanın hər yerində göstərdikləri fədakarlıqları xatırlayırıq və onlar bizim xilasetmə öhdəliyimizə sadiqliklərini təsdiq edirlər.
Müraciətdə, Dünya Humanitar Yardım Günündə xeyirxah addımlar atmağa çağırış mühüm yer tutur. Qeyd olunur ki, qlobal problemlərin mövcud olduğu bir vaxtda sülh, ədalət, ləyaqət və inkişafa nail olmaq üçün xalqlar və ölkələr birlikdə çalışmalıdırlar.