İDMAN
Bölgələrdə qadın futboluna maraq artır
Bakı, 22 iyul (AZƏRTAC). Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda FIFA-nın bayrağı altında AFFA-nın təşkilatçılığı ilə qadın futbolunun kütləviliyinin artırılması, qızların futbola cəlb olunması, onların bu idman növü ilə mütəmadi şəkildə məşğul olmasına zəmin yaradılması məqsədilə “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) tədbiri keçirilib.
Tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Şimal-Qərb Futbol Federasiyasının prezidenti Rövşən Əhmədov, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, futbol veteranı Rüstəm Rəhimov, Azərbaycan milli komandasının məşqçisi Mahmud Qurbanov, 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Patrisiya Gonzales və 17 yaşadək qızlardan ibarət yığmamızın baş məşqçisi Siyasət Əsgərov, U-17 qızlar yığmasının üzvləri Firəngiz Teymurova və Manə Mollayeva iştirak ediblər.
Xatırladaq ki, “Live Your Goals” (“Öz məqsədlərini yaşat”) silsilə tədbirləri daha əvvəl 2012-ci il martın 12-də "Dalğa Arena"da, aprelin 30-da Zaqatala, iyunun 8-də Quba, iyulun 28-də Şəki, avqustun 30-da Masallı şəhərlərində, həmçinin sentyabrın 18-də Bayıl stadionunda müvəffəqiyyətlə keçirilib. Bu tədbirlərdə beynəlxalq futbol qurumlarının nümayəndələri ilə yanaşı, tanınmış qadın futbol veteranları Şirli Kruz və Şteffi Cons iştirak ediblər.