MƏDƏNİYYƏT
Bolnisidə şagirdlərin musiqi festivalı keçirilmişdir
Bolnisi, 13 may (AZƏRTAC). Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayon mərkəzində şagirdlərin “Bolnisi-2012: vahid səma altında” adlı musiqi festivalı keçirilmişdir.
Festivalın açılış mərasimində Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru David Kirkitadze çıxış edərək iştirakçılara uğurlar diləmişdir.
Rustavi şəhərindəki 1 nömrəli musiqi məktəbinin azərbaycanlı və gürcü şagirdləri “Cücələrim” mahnısını oxuyaraq rəqs etmişlər. Şagirdlərin çıxışı tamaşaçıları çox razı salmışdır.
İcevandakı (Ermənistan) 2 nömrəli musiqi məktəbinin şagirdi Araiq Edilyan ermənilərə xas olan hiyləgərliyindən qalmamışdır. Aparıcı onun tütəkdə erməni xalq mahnısını ifa edəcəyini elan etsə də o, Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa etmişdir.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Hüseyn Yusifov erməni şagirdin Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i yaxşı ifa etdiyini demiş və bildirmişdir ki, gürcü şagirdlər də “Cücələrim”i çox gözəl ifa etmişlər, lakin erməni şagirddən fərqli olaraq onlar həmin mahnının Azərbaycan mahnısı olduğunu bəyan edib səhnəyə çıxmışlar.
Festivalda 30-dək musiqi nömrəsi və rəqslər nümayiş etdirilmişdir.
Bolnisi Rayon İcra Hakimiyyətinin başçısı İosif Laliaşvili festival iştirakçılarına kitablar və diplomlar təqdim etmişdir.
İslam Əliyev
AZƏRTAC -ın xüsusi müxbiri
Bolnisi