DÜNYA
Boris Consonun liderliyi ilə Mühafizəkarlar Partiyası ilk ara seçkilərdə məğlub olub
![Boris Consonun liderliyi ilə Mühafizəkarlar Partiyası ilk ara seçkilərdə məğlub olub](/files/2019/2/1200x630/1564747772455635576_1200x630.jpg)
Bakı, 2 avqust, AZƏRTAC
Böyük Britaniyanın Brekon və Radnoşir dairələrində ara seçkilər keçirilib. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, seçkilərdə Liberal Demokrat Partiyasının namizədi Ceyn Dodds qalib gəlib. Bu seçkilərin nəticələrinə görə, məğlubiyyətə uğrayan Mühafizəkarlar Partiyası parlamentdə daha bir kreslodan məhrum olub. Məğlubiyyət partiyanın lideri, Baş Nazir Boris Conson üçün heç də yaxşı əlamət hesab edilmir. Belə ki, yeni hökumət qanun layihələrini parlamentdən keçirmək üçün vacib olan səsləri də itirir.
Səsvermənin nəticələrinə görə, Ceyn Dodds Mühafizəkarlar Partiyasının namizədi Kris Devisdən 1425 səs çox toplayıb. Bundan başqa, ana müxalifət partiyası olan Leyboristlərin topladığı səslərdə də böyük azalma var. Onun namizədi ara seçkilərdə 12,4 faiz səs itirib və ümumi siyahıda dördüncü yeri tutub.
Ara seçkilərindən sonra Böyük Britaniya parlamentində Liberal Demokrat Partiyasının millət vəkillərinin sayı 13-ə yüksəlib. Mühafizəkarlar Partiyası ilə Demokratik Birlik Partiyasının koalisiyası 320, müxalifət partiyaları isə 319 yerə malikdir.